Oğuz-Şəki avtomobil yolunun 34.6 km-lik əsas hissəsinin yenidən
qurulması davam etdirilir. Əsas hissənin 7 km-i 3-cü texniki
dərəcəyə uyğun, 27.6 km-i isə 2-ci texniki dərəcəyə uyğun şəkildə
yenidən qurulur. Bunun üçün yolboyu genişləndirmə işləri
aparılıb.
AAYDA-dan AzerTimes-a bnildirilib ki, yenidənqurma işləri zamanı
yolun köhnə örtüyü sökülüb, zəruri yerlərdə yararsız qrunt
qazılaraq çıxarılıb, əks-dolğu işləri görülüb. Lazımi tikinti
materialından istifadə olunmaqla yol yatağı və yol əsasının inşası
işləri həyata keçirilib. Bundan başqa zəruri olan yerlərdə müxtəlif
diametrlərə malik yeni suötürücü borular quraşdırılıb, su keçidləri
inşa edilib. Hazırda yolboyu yeni asfalt-beton örtüyünün 2-ci
layının döşənməsi işləri aparılır.
Oğuz-Şəki avtomobil yolunun yenidən qurulması layihəsinə əsasən,
Zəyzidçay üzərində yerləşən körpü istismar müddətini başa vurduğu
üçün sökülərək yerində yeni körpünün inşası həyata keçirilib. Yeni
1 aşırımlı avtomobil körpüsünün uzunluğu 15 metr, eni isə 13 metr
təşkil edir.
Daşağıl çayı üzərində 132, Küngüt çayı üzərində 78, Kiş çayı
üzərində 420, Qurcana çayı üzərində isə 42 metr uzunluğunda olan
mövcud körpülər üzrə isə nəzərdə tutulan təmir işləri aparılır. Yol
boyu zəruri olan yerlərdə dəmir-beton istinad divarlarının və beton
küvetlərin tikintisi də layihə üzrə görülən işlərdəndir.
Layihə çərçivəsində 9 km uzunluğa malik “Şəki dairəvi yolu”nun
da (Zərifə Əliyeva və Salman Mümtaz küçələri) əsaslı şəkildə təmir
işləri aparılır. Şəki dairəvi yolunun 6 km-lik hissəsi (Salman
Mümtaz küçəsi) 4 hərəkət zolaqlı olmaqla 1-ci texniki dərəcəli, 3.1
km-lik hissəsi (Zərifə Əliyeva küçəsi) isə 2 hərəkət zolaqlı
olmaqla 2-ci texniki dərəcəlidir.
Bundan başqa 3.4 km-lik Oğuz və 3.2 km-lik Şəki şəhərlərinə
giriş yollarının 3-cü texniki dərəcəyə uyğun yenidən qurulması
həyata keçirilir.
Yenidənqurma işlərinin sonunda layihə boyu zəruri olan yerlərdə
yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və
yolgöstərici xətlər, piyada zolaqları çəkiləcək.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə
əsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa
nəzarəti altında aparılır. Yenidənqurma işlərinin cari ilin sonuna
qədər yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda canlı
qüvvə və texnika cəlb edilib.