Paytaxtın Binəqədi rayonunda yerləşən obyektlərdən birindən oğurluq edilib. Naməlum şəxs mağazadan içəri daxil olub kassada olan 1400 manatı oğurlayaraq hadisə yerindən yayınıb. Həmin şəxsin mağazaya daxil olması təhlükəsizlik kameraları vasitəsi ilə də görüntülənib. Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən əvvəllər də oğurluq etdiyi üçün məhkum olunmuş Nicat Şavahədli saxlanılıb. Həmin şəxs ifadəsində qeyd edilən hadisəni törətdiyini etiraf edib.
AzerTimes-ın məlumatına görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən digər bir əməliyyat zamanı isə onlayn yolla narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirən şəxs saxlanılıb. Əməliyyat zamanı Füzuli rayon sakini İlham Arzuman oğlu Əliyev tutularaq istintaqa təqdim edilib. Onun üzərində şəxsi axtarış aparılan zaman külli miqdarda narkotik vasitə heroin aşkar edilib. Həmin şəxs ifadəsində heroini sosial şəbəkələrdə tanış olduğu xarici ölkə vətəndaşından satmaq məqsədi ilə aldığını bildirib.
Saxlanılan hər iki şəxs barəsində 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Bu şəxslərin paytaxt ərazisində digər cinayətlər etdiyi istisna olunmur. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə və ya Nazirliyin “102” Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.