Ödənişli ictimai işlər proqramının icra prosedurları elektronlaşdırılır

Prezident İlham Əliyevin 4 aprel 2022-ci il tarixli Sərəncamı
ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin
gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət
Planı” üzrə Tədbirlər Planındakı tapşırığa uyğun olaraq, ödənişli
ictimai işlərə cəlbolunma ilə bağlı müraciətlərin qəbulu və
baxılması e-qaydada aparılacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyindən AzerTimes-a verilən
məlumata görə, nazirliyin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi
tərəfindən hazırda “İctimai işlər portalı”nın yaradılması işləri
artıq yekunlaşmaqdadır.

Portal haqqı ödənilən ictimai işlərin təşkili proseslərində
şəffaflığın və işsiz şəxslərin məşğulluğunun təmin edilməsində
operativliyin artırılmasına, sui-istifadə hallarının aradan
qaldırılmasına, ictimai işlər sahəsində əməyin təşkili, idarə
edilməsi və monitorinqinin daha səmərəli icrasına imkan
yaradacaq.

Portalda qeydiyyatı olan hər bir sosial işçi ilə bağlı
məlumatlar (özünün və ailə üzvlərinin sosial statusu, ictimai
işlərdə çalışdığı qurum, əmək haqqı və s.) aidiyyyəti qurumların
informasiya sistemlərindən avtomatik olaraq əldə edilməklə
toplanacaq. Həmin məlumatlar hər bir sosial işçinin şəxsi
kabinetində öz əksini tapacaq.

Bundan əlavə, portal iş vaxtının uçotu tabelinin
formalaşdırılması, kadr hesabatlarının da elektronlaşdırılmasına
imkan verir.

Hazırda “İctimai işlər portal”nın test edilməsi prosesləri davam
edir, nəticələr işçi qruplar tərəfindən təhlil olunur.

İctimai işlər proqramının icrası üzrə səyyar yoxlama və
monitorinq layihəsi də modul olaraq nəzərdə tutulub və test
olunmaqdadır. Yaxın gələcəkdə bu sahədə də rəqəmsallaşdırma
işlərinə başlanılacaq.

Teqlər: