Bu gün Gəncədə 44 günlük İkinci Qarabağ müharibəsində ermənilərin törətdikləri insanlıqdan kənar hücumların baş verdiyi ərazidəyik. Bu insanlığa sığmayan, gecə yarısı saat 2-dən sonra qadınların, uşaqların yuxuda olduğu bir vaxtda mülki insanların yaşadığı əraziyə atılan raket zərbəsi ilə burada 26 qardaşımız şəhid oldu.
Trend xəbər verir ki, bu sözləri Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədrinin birinci müavini Numan Kurtulmuş Gəncəyə səfəri çərçivəsində erməni terroru nəticəsində çoxlu sayda insanın həlak olduğu, yaralandığı və böyük dağıntıların yarandığı ərazidə olarkən jurnalistlərə açıqlamasında deyib.
Şəhidlərin xatirəsini rəhmətlə andığını bildirən qonaq deyib: “Bu raket hücumları, döyüş vaxtı ermənilərin bu hərəkəti bir daha göstərdi ki, döyüş meydanında mərdliklə döyüşə bilməyənlər təəssüf ki, arxadan mülki insanları, qocaları, uşaqları qətlə yetirərək insanlığa qarşı qanlı cinayətlər törədiblər. Ətrafdakı dağıntılar qanlı üzü, kirli əli bütün dünyaya ifşa edən açıq sübutlardır. Amma buna rəğmən ən azından dünya ictimaiyyətinin müəyyən bir qismi bu həqiqətləri görmək istəmədi. Şəhidlərə Allahdan rəhmət diləyir, bu müharibə zamanı insanlıqdan kənar hücumları ilə gündəmə gələn erməniləri şiddətlə qınayırıq. Bu hücumlar zamanı əsla unudulmamalı olan insanlıq əleyhinə cinayətlərin törədildiyini dünyaya çatdırmaq üçün bu gün buradayıq. Bizim mentalitetimizdə döyüş meydanında olmayan insanlara qarşı əsla silah çəkilməz, xüsusilə uşaqları, qocaları, xəstələri vurmaq əsla yolverilməzdir. Bu dağıntılar burada insanlıq əleyhinə törədilən cinayətlərin qurbanlarının xatirəsinə bir abidədir. Ümid edirik ki, bu müharibə cinayəti zamanla bütün beynəlxalq ictimaiyyət tərəfindən qiymətləndiriləcək, bu cinayəti törədənlər haqqında lazımi tədbirlər görüləcək. Şəhidlərimizə Allah rəhmət eləsin!”.