Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Nazirlikdən AzerTimes-a verilən məlumata görə, Novruz bayramı günlərində əhalinin poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək.
Bununla əlaqədar nazirliyin strukturuna daxil olan qurumlara və tabeliyindəki qurumlara tapşırıqlar verilib.
Bayram ərəfəsində və bayram günlərində sabit telefonların fasiləsiz işinin təmin edilməsi məqsədilə rabitə xidmətləri borclarına və digər səbəblərə görə telefonların şəbəkədən açılmaması, eləcə də daxil olan müraciətlərə həssaslıqla yanaşılaraq operativ tədbirlər görüləcək.
Bayram günlərində məsul növbətçilər təşkil edilməklə telekommunikasiya xidmətlərinin, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, kabel və xətt zədələnmələrinin operativ aradan qaldırılması, poçt şöbələrində növbəli iş rejiminin təşkili, profilaktik, tikinti-quraşdırma işlərinin dayandırılması, rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi üzrə müvafiq tədbirlərin görülməsi təmin ediləcək.