Noyabrın əvvəlləri idi, Şuşanı azad etmək haqqında tapşırıq aldıq – Xüsusi təyinatlının döyüş xatirələri

Xəbər - Fərid Zöhrabov – Trend:

Vətən Müharibəsinin tarixi Zəfərlə başa çatmasından artıq bir il ötür. Həmin savaşın iştirakçıları tək günümüzün deyil, əsrimizin qəhrəmanlarına çevrildilər. Çünki onlar öz şücaətləri, yurda olan sevgiləri ilə Azərbaycan tarixinə “Zəfər” sözü ilə bitən şanlı bir səhifə əlavə etdilər.

Vətən müharibəsi iştirakçılarından biri Xüsusi Təyinatlı Qüvvələrin hərbçisi Fərəc Məmmədov AzerTimes-a açıqlamsında bildirib ki, həmin günləri belə xatırlayır: “Mənim döyüş yolum müharibənin ilk günündən, yəni 2020-ci il sentyabrın 27-dən başladı.

Əvvəlcə Murov istiqamətində əks-hücum əməliyyatına başladıq. Üç gün ərzində gedən qızğın döyüşlər nəticəsində yüksəkliklər azad olundu. Sonra Füzuli istiqamətində hücuma keçmək üçün döyüş tapşırığı aldıq. Növbəti hücum əməliyyatı Hadrut qəsəbəsinin azad olunması uğrunda həyata keçirildi və bizim uğurlu qələbəmizlə bitdi. Hadrutdan sonra Tuğ qəsəbəsini azad etməli idik. Tuğun azad olunması Şuşaya doğru gedən yolun açılması demək idi. Bəli, üç gün davam edən döyüşdən sonra bu qəsəbəni də azğın düşməndən azad etdik. Növbəti hədəf Şuşa idi.

Noyabrın əvvəlləri idi, havalar da çox soyumuşdu. Şuşanı azad etmək haqqında tapşırıq aldıq. Şuşanın relyefi elədir ki, düşmən orda yaxşı müdafiə oluna bilirdi. Eyni zamanda, geri çəkilmiş düşmənlərin əksəriyyəti Şuşa yaxınlığında mövqe tutmuşdu. Etiraf edim ki, Şuşaya qədər xeyli piyada yol gəldikləri üçün şəxsi heyət çox yorulmuşdu. Lakin Şuşanın dağlarını görəndən sonra sanki birdən-birə bütün yorğunluğumuz yoxa çıxdı. Biz Şuşanı hökmən azad etməli idik. Ali Baş Komandanın, komandirlərimizin öz sözləri ilə bizdə ruh yüksəkliyi yaratması bu arzunu həyata keçirtmək üçün, həqiqətən, bizə böyük mənəvi güc verirdi. Düşmən tərəf hər zaman psixoloji gərginlik yaradaraq belə bir fikrin təbliğinə çalışırdı ki, Şuşanı almaq qeyri-mümkündür. Ancaq biz nə qədər çətin də olsa, nə qədər ağır itkilər versək də, ağır texnikanın köməyi olmadan qarşıya qoyulan böyük məqsədimizə çatdıq. Ordumuz illərlə xalqın qəlbində yaşayan böyük bir arzunu reallığa çevirdi. Bu, həqiqətən, böyük qələbə idi. Onu da qeyd edim ki, düşmən tərəf də bu döyüşdə bizdən qat-qat ağır itkilərə məruz qaldı”.

Fərəc Məmmədov bildirib ki, bu gün dünyanın müxtəlif yerlərində həmvətənlərimiz yaşayır: “Təbii ki, onlar orda Vətənimizi təmsil edirlər. Ancaq bir həqiqət var ki, torpaq uğrunda ölən varsa, Vətəndir! Bizim torpaq isə doğma Azərbaycandır. Gənclərimizə torpağı sevməyi, onu qorumağı, lazım gələrsə, döyüşməyi və hətta canından belə keçməyi tövsiyə edirəm. Çünki bu torpaqlar bizə əmanətdir və biz də onu gələcək nəsillərə çatdırmalıyıq”.

Fərəc Məmmədov onu da qeyd edib ki, Şuşanın alınması böyük bayram və tarixi hadisədir. Bu münasibətlə xalqımızı təbrik edir, şəhidlərin ruhu qarşısında baş əyir.

Teqlər: