Norveçdə Azərbaycan icması ilə görüş olub (FOTO)

Oslo şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar
Norveçdə yaşayan Azərbaycan icması ilə görüş keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, Norveç
Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) ofisində baş tutan
tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad
Muradov, ölkəmizin İsveç Krallığında, eyni zamanda Norveç
Krallığında və Finlandiya Respublikasında fövqəladə və səlahiyyətli
səfiri Zaur Əhmədov, Oslo və digər şəhərlərdə yaşayan soydaşlarımız
iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan
tədbirdə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.

Tədbirdə çıxış edən səfir müasir Azərbaycan tarixinin ən qanlı
səhifələrindən biri olan Xocalı soyqırımı, Ermənistan silahlı
birləşmələrinin törətdiyi kütləvi qırğına beynəlxalq səviyyədə
hüquqi-siyasi qiymət verilməsi istiqamətində Azərbaycan dövlətinin
həyata keçirdiyi məqsədyönlü fəaliyyət barədə ətraflı danışıb.
Diplomat tezliklə Norveçdə də səfir kimi fəaliyyətə başlayacağını
nəzərə çatdırıb və icma üzlərini səfirliklə birgə, koordinasiyalı
şəkildə çalışmağa çağırıb.

İndiyədək Xocalı soyqrımı həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması istiqamətində DİDK-nın və diaspor təşkilatlarının
gerçəkləşdirdiyi layihələrə və gördüyü işlərə diqqəti cəlb edən
Komitə sədri bildirib ki, bu il DİDK-nın dəstəyi ilə dünyanın 40
ölkəsində Xocalı soyqırımına həsr olunmuş 150-yə yaxın tədbirin
keçirilməsi nəzərdə tutulub. Azərbaycan Prezidenti İlham Əliyevin
rəhbərliyi ilə bölgəmizdə yaranan yeni reallıqlar baxımından
diaspor təşkilatlarının fəallığının artırılması vacibdir.

Sonra DİDK-nın 2021-ci il üzrə fəaliyyət istiqamətləri barədə
videohesabat təqdim edilib və Xocalı soyqırımının 30-cu ildönümü
ilə bağlı Komitənin hazırladığı videoçarxlar nümayiş etdirilib.


Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveç üzrə
əlaqələndiricisi Ramil Əliyev Azərbaycan icmasının mütəşəkkil
fəaliyyətinə nail olunması istiqamətində əldə olunan uğurlardan,
Nizami Gəncəvi adına həftəsonu Azərbaycan məktəbinin fəaliyyətindən
danışıb. O, icma adından Osloda Azərbaycan Evinin açılmasına dəstək
göstərilməsi üçün Komitə sədrinə müraciət edib.

Sonra Nizami Gəncəvi adına həftəsonu Azərbaycan məktəbinin milli
geyimli şagirdlərinin ifasında şeirlər səsləndirilib.

Tədbir sualların cavablandırılması ilə yekunlaşıb.

Tədbir çərçivəsində Komitə sədri NAYO-nun ofisində yerləşən
Nizami Gəncəvi adına həftəsonu Azərbaycan məktəbinin fəaliyyəti və
şagirdlərin əl işləri ilə tanış olub.

Teqlər: