Nizami rayonunda daha bir abad həyət sakinlərin istifadəsinə verilib (FOTO)

Nizami rayonunda məhəllə və binaların abadlaşdırılması,
həyətlərin yenidənqurulması, yeni infrastrukturların yaradılması,
yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Trend xəbər verir ki, rayonda həyata keçirilən tədbirlər
çərçivəsində Tofiq Abbasov küçəsi 37a, 39 və 39a saylı binaların
həyətlərində abadlıq, quruculuq və yenidənqurma işləri başa
çatdırılaraq sakinlərin istifadəsinə verilib.

Görülmüş işlər çərçivəsində binaların əhatə etdiyi həyətə asfalt
örtüyü, qazon, tamet daşı vurulub, yeni bardürlər və kiçik
tullantıların atılması üçün yeni zibil qutuları qoyulub, əlillərin
sərbəst hərəkəti üçün panduslar quraşdırılıb.

Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binaların
həyətində söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun
elementləri, idman qurğuları quraşdırılıb, mini stadion və şahmat
meydançaları yaradılıb.

Abadlıq işləri aparılan ərazidəki mövcud yaşıllıqların bərpası
ilə yanaşı məhəlləyə 150 ədəd müxtəlif növ həmişəyaşıl ağaclar,
gül-çiçək kolları əkilib, mövcud yaşıllıqlara və ağaclara
aqrotexniki qaydada qulluq olunub.

Həyətdə yaşıllıqların suvarılması üçün su xətti, yağış sularının
kənarlaşdırılması üçün kanalizasiya xətti çəkilib və işıqlandırma
sistemləri yenidən qurulub.

Rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma
işləri əhalinin böyük razılığı ilə qarşılanır, görülən işlərə görə
rayon sakinləri ölkə başçısına dərin minnətdarlıqlarını
bildirirlər.

Teqlər: