Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Ukraynada baş verənlərlə bağlı bəyanat yayıb

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Ukraynada baş verən
hadisələrlə bağlı bəyanat yayıblar.

Qurumdan AzerTimes-a verilən
məlumata görə, mərkəzin həmsədrləri, həmçinin, 40-a yaxın sabiq
dövlət və hökumət başçılarının, nüfuzlu ictimai və siyasi
xadimlərin imzaladığı bəyanatda Ukraynada baş verən münaqişədə
dayanıqlı sülhə nail olmaqla bağlı çağırış edilir.

Bəyanatda qeyd olunur ki, dünyanın pandemiya ilə mübarizə
apardığı bir vaxtda, Rusiya tərəfindən 24 fevralda Ukrayna
sərhədləri istiqamətində hərbi əməliyyatların başladılması, hər iki
tərəfdən ciddi itkilərlə müşahidə olunan, insanların həyatlarını
itirməsi ilə nəticələnən hadisələr dərin təəssüf doğurur.
Pandemiyadan əziyyət çəkən qlobal dünya iqtisadiyyatının hələ tam
bərpa olunmadığını vurğulayan üzvlər bunların çox böyük iqtisadi
geriləməyə səbəb olacağını bildirirlər.

Həmçinin qeyd olunur ki, Ukraynada baş verən döyüşlərin
dayandırılması və regionda dayanıqlı sülhə nail olmaq, rifahı və
inkişafı təşviq etmək məqsədilə beynəlxalq ictimaiyyət səylərini
yeniləməli və gücləndirməlidir. Bunun üçün Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin atdığı addımlar
təqdirəlayiq hesab olunur və onun tərəfindən irəli sürülən Rusiya
ilə Ukrayna prezidentləri arasında danışıqların Bakıda keçirilməsi
ilə bağlı təklifin tam dəstəklənməsi ifadə olunur.

Bakının yaxın keçmişdə NATO və Rusiya yüksək rütbəli generalları
arasındakı müzakirələrinə ev sahibliyi etdiyi nəzərə çatdırılır.
Üzvlər İkinci Dünya Müharibəsindən sonra tarixin qarşılaşdığı ən
böyük konfliktdə sülhə çağırışların qəbul olunmasına və
prezidentlər arasında bu görüşlərin Bakıda keçiriləcəyinə ümid
bəslədiklərini ifadə edirlər.

Teqlər: