Nikolun provokasiyaları: Rusiya geri çəkiləcəkmi?

Nikolun provokasiyaları: Rusiya geri çəkiləcəkmi?

Ukrayna-Rusiya müharibəsinin qızışdırıldığı vaxtda (Krım körpüsünün vurulmasının başqa məntiqini tapmaqda çətinlik çəkirəm) Güney Qafqazda sülh çağırışları artır.

Avropa Birliyi, ABŞ Qarabağ məsələsinin sülh yolu ilə həllində maraqlı olduqlarını göstərməyə çalışırlar. Praqa prosesi, ardından Blinkenin Əliyevə və Paşinyana zəng etməsi kollektiv Qərbin bu bölgədə təşəbbüsü tam götürməyə qərarlı olduğunun göstəricisidir.

Bəs Rusiya Qərbin onu Qafqazda sıxışdırmasına sakit yanaşacaqmı? Bunu qəbul edib, geri çəkiləcəkmi?

Heç inandırıcı görünmür. Avropa Birliyinin, ABŞ-ın Qafqazda sülh yaratmaq təşəbbüsləri bölgəni daha böyük böhrana soxa bilər. Qərblə Rusiyanın maraqlarının toqquşduğu ölkələr xarabalığa çevrilir. Bunun ən sonuncu nümunəsi Ukraynadır.

Ermənistanla Azərbaycan arasında sülhün əldə olunmasını bu iki ölkənin iradəsinə buraxmaq lazımdır. Enində-sonunda anlaşacaqlar, başqa yol yoxdu. Ermənistan Türkiyə və Azərbaycanla danışıqlarda xeyli məsafə qət edib. Bunu davam etdirmək ən optimal variant olar. Praqada Ərdoğanla Paşinyanın görüşü siyasi şərhçilər tərəfindən prosesin yeni və ciddi mərhələsi hesab edilir.

Qərb bu regionda sülhün yaranmasını səmimi olaraq istəyirsə, Rusiyanı qızışdıran addımlardan çəkinməlidir. Qarabağda sülhün əldə edilməsi Moskva ilə Brüsselin (Aİ+ABŞ) anlaşmasından asılıdır, yarışmasından yox. Bu yarışmanın sonu Güney Qafqazın poliqona çevrilməsi ilə nəticələnər.

Azərbaycan Rusiyanı qıcıqlandırmamaq, Qərbi əleyhimizə çevirməmək üçün doğru diplomatiya yürüdür. İlham Əliyevin bütün hesablamaları, gedişləri ölkəsini və bölgəni qorumağa hesablanıb. Hazırda Güney Qafqazın qarantoru rolunda Azərbaycan çıxış edir. Prezident Əliyevin hədəfi bütün tərəflərlə, qlobal və regional oyunçularla münasibətləri normal tutmaq, bunun verdiyi avantaj sayəsində Ermənistanı sülh masasına oturtmaq, Zəngəzur dəhlizini açmaqdır. Ermənistan isə Putinin damarına basan açıqlamalar verir. KTMT-dən çıxacağını deyir, Qərblə daha çox yaxınlaşmaq xətti seçir. Bilincli şəkildə Moskvanı provokasiyaya çəkir.

Paraleldə bir başqa proses də gedir – türk dövlətlərinin yaxınlaşması. Orta Asiya, Azərbaycan və Türkiyə arasında son illər, hətta son aylar müşahidə edilən inteqrasiya sürəci bölgədə yeni güc mərkəzinin yaradılmasına hesablanıb. Bu, strateji zəkanın ortaya qoyduğu bir layihədir. Və artıq gerçəkləşmək üzrədir.

Bu layihənin fikir və əməl müəllifləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğandır. Türk dünyasının birliyi Türkiyə ilə Azərbaycanın yaxınlaşmasından keçir. Türkiyə-Azərbaycan birliyi baş verdikdən sonra, baxın, necə hadisələrə şahidlik etməkdəyik.

Yeri gəlmişkən, bu günlərdə Özbəkistan və Qırğızıstan arasında barış əldə edilib. Bu iki türk cümhuriyyəti SSRİ dövründən qalan düşmənçiliyi bitirdilər. Bütün mübahisəli əraziləri, şirin su davalarını kökündən bağladılar.

Türk dövlətlərinin birliyi, barışı türk xalqlarının qədəridir. Qədərdən qaçmaq isə mümkün deyil. Ağlımıza gələn ən yaxşı şeylər başımıza gəlməkdədir.

Türk dövlətlərinin birliyi dünyanın az qalsın dağıldığı, qohum, qardaş xalqların bir-birinin başına raket atdığı dövrdə baş verir…

Teqlər: