ABŞ-ın Merilənd Universitetinin Məsləhət Şurasının prezidenti, Paris Metropolitan Universitetinin İdarə Heyətinin üzvü dr. Frank Musmarın AzerTimes-a müsahibəsi:
– Cənab Musmar, AŞPA 22 yanvarda Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnu məhdudlaşdırıb və etimadnamənin təsdiqlənib-təsdiqlənməməsi üçün Monitorinq Komitəsinə müraciət edib. Azərbaycan nümayəndə heyəti isə bəyanat yayaraq qurumdakı fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb. Bundan sonra AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin səsvermə nəticəsində təsdiqlənmədiyini və bir il müddətində qurumdan uzaqlaşdırıldığını elan edib. Sizcə, bu addımın atılma səbəbləri nədir?
– AŞPA Azərbaycanın təşkilat qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyini bəhanə gətirərək rəsmi Bakıya qarşı məlum addımları atdı. Bəhanələr isə Azərbaycanda insan haqları, azad və ədalətli seçkilərin keçirilməsi, məhkəmə sisteminin müstəqilliyi, eyni zamanda Qarabağdakı vəziyyətlə bağlı duyulan “narahatlıq”lardır. Müvafiq olaraq Azərbaycan da qurumun Fransa və erməni lobbisinin oyuncağına çevrilməsini, eyni zamanda atılan addımları əsas gətirərək bir il ərzində hüquqların bərpa olunmaması halında təşkilatdan çıxacağını bildirib. Məlum qərarda Azərbaycana qarşı irəli sürülən bəndlərin heç birinin əsası yoxdur. Bundan çox əvvəl BMT TŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələr qəbul edib və Qarabağın ölkənin ayrılmaz tərkib hissəsi olduğunu təsdiqləyib. Qətnamələr BMT TŞ-nin Fransa da daxil olmaqla bütün üzvləri tərəfindən dəstəklənib. Üstəlik Qarabağ Ermənistan tərəfindən işğal edilib və orada rəsmi İrəvanın özü tərəfindən də tanınmayan separatçı qurum qurulub. Azərbaycan öz torpaqlarını işğaldan azad edəndən sonra isə oradakı ermənilərə qalmaq və ya getmək üçün sərbəst seçim verib. Fikrimcə, Fransanın AŞPA-da qətnamənin qəbuluna təsiri ölkə maraqlarına zidd olan yaxşı düşünülməmiş addım idi və burada Afrikada baş verən hadisələrin, eyni zamanda Ukrayna müharibəsinin də təsiri var. Ermənistanın iki əsas müttəfiqi Rusiya və İrandır. Bu ölkələrin heç birinin Fransa və Qərb dövlətləri ilə yaxşı münasibətləri yoxdur. Ermənistan Azərbaycanı beynəlxalq aləmdə çətin vəziyyətə salmaq üçün Rusiyanın vəziyyətə nəzarət etmək səylərini fəal şəkildə sabotaj etdi, qurban rolunu oynadı və Qərbin səylərini dəstəklədi.
Seçkilərlə bağlı isə onu deyə bilərəm ki, bu, ilk dəfə bütün Azərbaycan ərazisində keçirildi və qurulan sistemin inkişafını göstərdi. Seçkidə birinci dəfə 6 milyon 325 min 500 nəfər seçici qeydiyyata alındı, 37 xarici ölkədə 49 seçki məntəqəsi quruldu, xəstə və yaşlı insanların səs verməsi üçün səyyar səsvermə qutuları təşkil edildi. Prosesi ölkə daxildində 19 siyasi partiyadan 65 min müşahidəçi izlədi. Xaricdən isə 70 ölkədən nümayəndə və 49 beynəlxalq təşkilatdan 512 müşahidəçi akreditasiya edildi.
– AŞPA-nın Azərbaycan əleyhinə atdığı addımların münasibətlərə təsirini necə görürsünüz?
– Gələcək nəticələr Azərbaycana deyil, Avropaya zərər verəcək. Avropa əsas enerji ixracatçılarından və beynəlxalq nəqliyyatda əsas vasitəçilərdən olan Azərbaycandan asılıdır. Avropanın iqtisadi və siyasi üstünlüyü Çinə vermək istəmədiyi bir şəraitdə Cənubi Qafqaz regionunda sülhün bərqərar olunması qitənin sabitliyi üçün həyati əhəmiyyət kəsb edir. Rəsmi Bakı Avropanın etibarlı və verdiyi sözü tutan etibarlı tərəfdaşıdır. Bunu enerji əlaqələri də təsdiq edir. 2022-ci ildə Azərbaycan Avropaya 11,4 milyard kubmetr qaz ixrac edib, ötən il isə bu həcm 12 milyard kubmetrə qalxıb. Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə “Şahdəniz” yatağından Avropaya qaz ixrac edir. 18 iyul 2022-ci ildə AB ilə Azərbaycan arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində 2027-ci ilədək ixrac edilən qazın 20 milyard kubmetrə çatdırılması planlaşdırılır. Digər tərəfdən ötən ilin 13 fevralından etibarən BP şirkəti ilə 2013-cü ildə Cənubi Qafqazi Boru Kəmərinin genişləndirilməsi ilə bağlı imzalanan razılaşma əsasında böyük irəliləyişlər əldə olundu. Nəzərinizə çatdırım ki, burada görüləcək işlərin ümumi dəyəri 28 milyard dollar təşkil edir.
– Ermənistanın təxribatlarına diqqət çəkdiniz. Qərb bu yalan təbliğata uyacaqmı?
– Əgər siz bu təbliğata qərq olmuş erməni deyilsinizsə, bu sizə olduqca gülməli gələcək. Erməni təbliğatı rus qoşunlarının Qarabağda yerləşdirilməsini xəyanət adlandırır və Azərbaycanı qətldə, soyğunçuluqda ittiham edir. Əslində oradakı rus qoşunlarının statusu sülhməramlıdır. Bu isə o deməkdir ki, onların tərəf tutmaq səlahiyyəti yoxdur. Eyni zamanda, Ermənistan Rusiyanın xəyanəti müqabilində öz qoşunlarını göndərmək üçün AB və NATO-ya yalvarır, eyni zamanda proseslə bağlı Qərb siyasətçilərinin antirusiya çıxışlarını dəstəkləyir. Bu çox gülüncdür, çünki Avropa Qarabağı Azərbaycanın ərazisi hesab edir. Qərb Azərbaycan və Türkiyəyə qarşı heç vaxt Ermənistanın tərəfini tutmayacaq. Çünki ABŞ hər iki dövləti İranın regional iddiasının qarşısında görür. Bundan başqa, Azərbaycanın nefti var, Ermənistanın isə heç nəyi yoxdur. Rəsmi İrəvanın problemi onun geosiyasi əhəmiyyətinin çox az olmasıdır və o, qurbağanın üstündə əqrəbə çevrilməyi seçmiş sentimental dəyərə dönüb.
– ABŞ-ın burada geostrateji marağı və hədəfi nədir?
– Ermənistanın yeni havadarları Azərbaycan və ABŞ ilə münasibətləri dəyişəcək. Azərbaycan və ABŞ bir sıra beynəlxalq təşkilatlara, o cümlədən BMT-nin, ATƏT-in, BVF-nin və Dünya Bankının üzvdür. Azərbaycan Amerika Dövlətləri Təşkilatında və Ümumdünya Ticarət Təşkilatında daimi müşahidəçi statusundadır. Azərbaycan eyni zamanda 1994-cü ildən etibarən NATO-nun “Sülh Naminə Tərəfdaşlıq Proqramı”na qoşulub. Üstəlik Amerika və Azərbaycan arasında münasibətlər tarixən enerji tranziti, ən əsası Bakı-Tiflis-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi üzərində qurulub. Brüssel rəsmiləri Rusiyadan enerji asılılığının azaldılmasında Azərbaycana yenidən etibarlı tərəfdaş hesab etməyin vacibliyini görməlidirlər. Azərbaycan Mərkəzi Asiya ölkələrinə və Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TİTR) giriş qapısıdır. Bu, Mərkəzi Asiya ölkələrinin Rusiyadan keçən Avropa bazarına çıxış tranzitindən asılılığı azaltmaq imkanı verir. Vaşinqtonun strateji marağı Rusiyanın müdaxilə imkanlarını minimuma endirən alternativ ticarət yollarının inkişafına kömək etməkdir.