Ermənistan Baş naziri Nikol Paşinyanın ötən gün mətbuat konfransında “BBC Azərbaycanca”nın suallarına verdiyi cavab diqqət çəkib.
AzerTimes xəbər verir ki, “BBC Azərbaycanca”nın erməni əsilli əməkdaşı “Azərbaycan ilə Ermənistanın sülh müqaviləsi üçün təkliflərində bir-birinə ziddiyyət təşkil edən bəndlər varmı və nədir? Keçən ilin sonunda Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması nəzərdə tutulurdu. Bunun baş tutmamasının səbəbləri nədir?” suallarını ünvanlayıb.
Paşinyan bildirib ki, əslində sülh müqaviləsi təkliflərində ziddiyyət təşkil edənləri də var, etməyənləri də:
“Həmin mətndə Ermənistan Respublikası və Azərbaycan Respublikası bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Prinsipcə biz də, Azərbaycan da buna razıyıq.
Ziddiyyət ondadır ki, Azərbaycan Ermənistan Respublikasının ərazisi deyəndə nəyi, Ermənistan Azərbaycan Respublikasının ərazisi deyəndə nəyi nəzərdə tutur. Daha açıq deyim: Məsələ ondadır ki, bizim şübhələrimiz vardır ki, Azərbaycan bizimlə qarşılıqlı surətdə ərazi bütövlüyünün tanınması haqqında əraziləri təsbit etməyən sənəd imzalamağa çalışır. İmzaladıqdan sonra isə demarkasiya və delimitasiya prosesi əsnasında yeni ərazi iddiaları irəli sürməyə başlayacaq. Məsələn, deyəcək ki, Sünik (Zəngəzur – red.) və ya başqa hansısa ərazi Ermənistanın ərazi bütövlüyünə daxil deyil. Azərbaycan isə ehtiyat edir ki, Ermənistan Respublikası öz 29,8 min kv.km ərazisinə zəmanət verən sənəd imzalayaraq bu məsələni həll edib bir yana qoyar və Azərbaycanın dövlətçiliyinin və ərazi bütövlüyünün parçalanmasına yönəlmiş yeni hərəkət və proseslərə başlayar.
Yəni bizim ehtiyatlanmalarımız güzgüvaridir. Niyə? Ona görə ki, qarşılıqlı etimad yoxdur; ona görə ki, tərəflər düşünürlər ki, qarşı tərəf onun maraqları, dövlətçiliyi, müstəqilliyi hesabına sülh istəyir. Çünki biz düşünürük ki, onlar bizim dövlətçiliyimizi ləğv etmək istəyirlər, onlar da düşünür ki, hazırda onların dövlətçiliyini ləğv edəcək qədər güclü olmasaq da, ancaq güc toplayıb bunu etmək üçün vaxt uzadırıq. Bu, fundamental problemdir. Odur ki, bunun mətnə aidiyyətinin olmadığını deyirəm. Bu psixoloji, tarixi, sosial-psixoloji problemdir. O cümlələr bunu həll etməsə, heç nə olmayacaq. Mən bunları nə çox yaxşı, nə də çox pis bir şey kimi demirəm. Mən istəyirəm ki, həmçinin sizin vasitənizlə bizim ictimaiyyət və müəyyən mənada Azərbaycan ictimaiyyəti problemin mahiyyətini anlasın”.
Paşinyan ölkəsinin Qarabağ problemini ərazi məsələsi yox, insan hüquqları məsələsi kimi gördüyünü, Azərbaycanın isə bunu özünə qarşı ərazi iddiaları olaraq qəbul etdiyini qeyd edib:
“Baxın, biz nə qədər “Qarabağ problemi bizim üçün ərazi məsələsi deyil, insan hüquqları məsələsidir” desək də, Azərbaycan elə qəbul etmir. Azərbaycan belə anlayır ki, biz “Qarabağ problemi” deyərkən, hətta “Dağlıq Qarabağ ermənilərinin hüquqları və təhlükəsizlikləri” deyərkən, Azərbaycana ərazi iddiaları formalaşdırırıq. Sual olunur: bəs Azərbaycan nə istəyir? Azərbaycanın anlayışı nədir? Əlaqələrimiz zamanı dırnaqarası nikbin və bədbin variantlar mövcuddur. Azərbaycanlılar nə deyir? Deyir ki, odur, Gürcüstanda ermənilər gürcülərlə heç bir status olmadan yanaşı yaşayırlar, siz niyə bu modelə razı deyilsiniz? Bizim anlayışımızda isə bu model o deməkdir ki, azərbaycanlılar elə etmək istəyirlər ki, Dağlıq Qarabağ erməniləri oradan çıxsınlar və onlar ermənilərin olmadığı Qarabağı əldə etsinlər”.
Baş nazirin müxbirin “Necə şərait yaranmalıdır ki, Ermənistan inansın ki, Azərbaycanla sənəd imzalamaq olar?” sualına cavabı belə olub:
“Bunun mexanizmləri var. Onlardan biri sülh sazişi kontekstində konkret sərhədlər təsbit etməkdir. Məsələn, sülh müqaviləsinə Ermənistan Respublikasının ərazisini göstərən xəritə əlavə etmək. Budur Ermənistan Respublikasının ərazisi və Azərbaycan bu ərazini tanıyır. Eynilə Ermənistan da Azərbaycan Respublikasının ərazisini tanıyır”.