Noyabrın 7-də Toronto şəhərində Kanada Azərbaycanlıları Şəbəkəsi və Azərbaycan Qadınlara Dəstək Mərkəzinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə bayram tədbiri təşkil edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, tədbirdə ötən il sentyabrın 27-də başlamış və noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi ilə başa çatmış Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığından danışılıb və müharibədə canını fəda etmiş şəhidlərin əziz xatirəsi yad edilib.
Toplantıda Torontoda yaşayan Azərbaycan icmasının nümayəndələri, Azərbaycanın Kanadadakı səfirliyinin müvəqqəti işlər vəkili Vasif Abutalıbov, Türkiyənin Torontodakı baş konsulu xanım Sinem Mingen, Torontodakı türk icmasının rəhbərləri də iştirak ediblər. Qonaqlar Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik ediblər.
Tədbir Azərbaycanın xalq və bəstəkar musiqilərindən ibarət konsert proqramı ilə
başa çatıb.
Noyabrın 8-də isə Kanada Azərbaycanlıları Şəbəkəsinin təşkilatçılığı ilə Şimali
Amerikanın ən böyük şəlaləsi olan Niaqara şəlaləsi üzərində Zəfər Günü
münasibətilə Azərbaycan bayrağının rəngləri proyeksiya olunub.
Kanada Azərbaycan icmasının nümayəndələri Niaqara şəhərində açıq havada
bayram şənliyi keçirərək Zəfər Gününü qeyd ediblər.