Nəzarət məntəqəsi qurulub, Ermənistan gözləyir ki… – Video

Nəzarət məntəqəsi qurulub, Ermənistan gözləyir ki… – Video

Biz torpaqlarımızda quldurların at oynatmasına imkan verə bilmərik. Sərhədlər qorunmalıdır. Qarabağ erməniləri Azərbaycan vətəndaşı kimi yaşamaq istəyirlərsə, yaşasınlar, bizim qanunlarımıza tabe olsunlar. Kim də istəmir, çıxıb getsin. Dünyanı hər yerində belədir.

AzerTimes Bakupost.az-a istinadən xəbər verir ki, bu sözləri VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə bağlı danışarkən bildirib.

Onun sözlərinə görə, Laçında sərhəd-keçid məntəqəsinin qurulması Azərbaycanın son zamanlar atdığı ən ciddi addımlardan biridir:

“Gənclərimiz qışın soyuğunda neçə ay Şuşa yolunda dayanıb Ermənistandan Xankəndinə gələn maşınlara nəzarət ediblər. Məqsəd o idi ki, Ermənistandan silah daşınmasın, oradakı silahlı dəstələrə yardım gəlməsin, eyni zamanda Azərbaycanın sərvətləri talanmasın. Amma gənclərimiz daim orada sərhədçi vəzifəsini yerinə yetirməyəcəkdi ki?! Azərbaycan o yolu nəzarətə götürdükdən sonra ermənilər dağ, torpaq, kənd yolları ilə silah daşımağa davam ediblər. Bu da Rusiya sülhməramlılarının gözü önündə baş verib”.

S.Rüstəmxanlı Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılmasnın beynəlxalq hüquq normalarına uyğun olduğunu vurğulayıb:

“Bu addım çoxdan – 2020-ci ildə üçtərəfli müqavilə imzalandıqdan sonra olmalı idi. Azərbaycan səbr göstərdi. Amma artıq nəzarət məntəqəsi qurulub. Ermənistan gözləyir ki, Moskva və dünya nə reaksiya verəcək. Dünya nə deyir-desin, Azərbaycan öz hüquqlarını bərpa edir. Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir”.

S.Rüstəmxanlı bildirib ki, Ermənistan narahatlıq yaradacağı təqdirdə layiqli cavabını alacaq:

“Ermənistan təbii ki, müharibəyə hazırlaşır. Müxtəlif vasitələrlə Azərbaycanı təxribatlara cəlb etmək istəyir. Amma Azərbaycan öz gedəcəyi yolu bilir. Biz müharibə istəmirik, əksinə uşaqlarımızı qorumaq istəyirik. Amma az əhali ilə yenə bizə meydan oxuyacaqlarsa, 44 günlük Vətən Müharibəsindən daha ağır zərbə alacaqlar”.

Teqlər: