New Europe: Zəngəzur dəhlizinin açılması iqtisadi inkişafa ehtiyacı olan Ermənistan üçün yeni imkanlar aça bilər

Kanada Qlobal Münasibətlər İnstitutunun elmi işçisi Robert Katler ikinci Qarabağ müharibəsinin başlamasının ildönümü ilə bağlı Cənubi Qafqazın inkişafını qiymətləndirib.

Trend-in məlumatına görə, ekspertin məqaləsi “New Europe” nəşrində dərc olunub.

Məqalədə qeyd olunur ki, inkişafa kömək göstərilməsi üçün üçtərəfli işçi qrup 2021-ci il 11 yanvar üçtərəfli görüşünün yekunlarına əsasən və 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu maddəsinə uyğun olaraq yaradılıb: “Azərbaycan öhdəliyi olmadığı təqdirdə öz milli boru kəməri sistemi ilə Rusiyadan təbii qazı Ermənistana tədarük edib”.

Müəllif bildirir ki, inkişafın digər vacib aspekti odur ki, atəşkəs sazişi Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təşkil olunmasına imkan verəcək dəhlizin açılmasını nəzərdə tutur və orada həqiqətən bərpası mümkün olan dəmir yolu mövcuddur: “Amma Ermənistan Zəngəzur dəhlizindən keçməyən daha uzun dəmiryol marşrutunun açılmasında təkid edir. Bu marşrut daha uzun vaxt aparacaq, eyni zamanda onun bərpası və təmiri daha baha başa gələcək”.

Məqalədə bildirilir ki, daha əvvəl Türkiyənin BOTAŞ enerji şirkəti Naxçıvanla Ermənistan sərhədində iri zavodun tikintisində maraqlı idi: “Əgər bu məqsəd üçün Ermənistanın cənub hissəsində boru kəməri tikmək mümkün olsaydı, bu, iqtisadi inkişafa ethiyacı olan bölgədə emal kompleksinin tikintisi sayəsində yeni iş yerlərinin yaradılmasına imkan verəcəkdi”.

Müəllifin fikrincə, həmin boru kəməri Ermənistanın uzunmüddətli maraqlarına cavab verəcəkdi, amma Yerevan müharibədən sonrakı daxili siyasi böhranla əlaqədar bu fikirdən imtina etdi: “Tamhüquqlu hökumətə malik olmadan, baş nazir Nikol Paşinyanın təşəbbüsü ilə keçirilmiş erkən parlament seçkilərinin yekununda Yerevan heç bir konstruktiv qərar verə bilmədi. Ermənistanın qətiyyətsizliyi və ləngimələrlə üzləşən Azərbaycan və Türkiyə Naxçıvanın Türkiyədən qazla təchiz olunması üçün İğdır-Naxçıvan qaz kəmərinin tikintisi barədə anlaşma memorandumu imzaladı”.

Qeyd olunur ki, etimadın möhkəmləndirilməsi üçün ən təxirəsalınmaz və effektiv tədbir 1990-cı illərin əvvələrində entik təmizləmə nəticəsində yurdlarından qovulmuş azərbaycanlı dinc sakinlərin azad edilmiş ərazilərdə öz evlərinə qayıtmasına kömək göstərmək ola bilər: “Amma bu evlərin böyük əksəriyyətinin dağıdılması ilə yanaşı, erməni qoşunlarının əraziləri tərk etməzdən qabaq yerləşdirdikləri minaların təhlükəsi aktualdır. Dünya ictimaiyyəti indi vəziyyətin ciddiliyini anlamağa başlayıb və daha çox ölkə minalardan təmizləmə əməliyyatları üçün vəsait, avadanlıq və təlimlər təklif edir”.

Yekunda müəllif vurğulayır ki, ATƏT Minsk qrupu artıq köhnəlib və heç bir rol oynaya bilmir: “Konsensus diplomatiyasına əsaslanan ləng, çoxtərəfli beynəlxalq təşkilatlar bugünkü inkişaf tempi ilə ayaqlaşa bilmir. Tamamilə aydındır ki, Madrid prinsipləri köhnəlib. Əlamətdardır ki, hətta Ermənistan tərəfindən heç kim müharibə bitəndən sonra bu prinsipləri xatırlatmayıb”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: