Netanyahu nəyə nail olmaq istəyir? Hansı planı var?

Netanyahu nəyə nail olmaq istəyir? Hansı planı var?

Avropanın 3 dövlətinin Fələstinin müstəqilliyini tanımasının İsrail hökumətinin Qəzzada müharibə qərarına təsir edəcəyini söyləmək çətindir. 1980-ci illərin sonlarından Fələstinin müstəqilliyini 140-dan çox dövlət tanıyıb, ancaq bu tanınma Təl-Əvivin siyasətini dəyişdirməyib.

AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Norveç, İrlandiya və İspaniyanın 28 mayda Fələstinin müstəqilliyini tanıyacaqları barədə bəyanatlarını şərh edərkən deyib.

“İsrailin Baş naziri Benyamin Netanyahu xarici təzyiqdən çəkinmir, ona əsas təzyiq ölkənin içindəndir. İsrailin müdafiə naziri Yoav Qallant Benyamin Netanyahu ilə fikir ayrılığı içərisindədir. Müdafiə naziri baş naziri Qəzza ilə bağlı gələcək planının olmamasında ittiham edib. Müdafiə nazirinin məntiqi anlaşılandır. Benyamin Netanyahunun konkret planı yoxdur. Tutaq ki, Qəzza tam nəzarətə götürüldü, bəs sonra, fələstinlilər harda yaşayacaqlar, təhlükəsizlik məsələləri necə həll olunacaq? Məsələ burasındadır ki, İsrail ordusu əbədi olaraq Qəzzada qala bilməz, bu, həm böyük maliyyə, həm də İsrailə daimi təzyiq deməkdir”.

Ekspertin sözlərinə görə, Qəzzanın gələcəyi ilə bağlı iki təklif mövcuddur:

“Birinci təklif bundan ibarətdir ki, Qəzza HƏMAS-ın rəqibi – Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin idarəetməsinə verilsin. Təl-Əviv bu təklifə o şərtlə razılaşa bilər ki, Fələstin Azadlıq Təşkilatı Qəzzada HƏMAS-ın varlığına imkan verməsin. Ancaq bu təminatı kimsə vermək iqtidarında deyil. Vaxtilə HƏMAS silah yoluyla Fələstin Azadlıq Təşkilatını Qəzzadan uzaqlaşdırmağa müvəffəq olub. HƏMAS bunu yenə təkrarlaya bilər. İkinci təklifi Ərəb Liqası irəli sürüb və bu təklifə görə, Qəzzada BMT bayrağı altında sülhməramlı qüvvələr yerləşdirilməlidir. Ancaq bu təklifin də mexanizmi tam bəlli deyil. Tutaq ki, BMT qüvvələri bölgədə yerləşdirildi, idarətmə kimin səlahiyyətində olacaq?

Beləliklə, Qəzzanın gələcəyi ilə bağlı suallar cavabsız qalıb. İsrailin yeganə alternativi məsələnin köklü həllinə razılaşmaq, Fələstinin müstəqilliyini tanımaqdır. Aydındır ki, qatı müfahizəkar siyasətçi olan Benyamin Netanyahu buna razılaşmayacaq. Ümid İsraili idarə edəcək gələcək liderlərədir. İsrail Fələstinin müstəqilliyini tanımadan təhlükəsizlik məsələlərini həll edə bilməyəcək və Təl-Əvivin müxtəlif dövlətlərlə münasibətləri normallaşmayacaq”.

Teqlər: