Paytaxtın Nəsimi rayonunda narkotik vasitələrin qanunsuz
dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Nəticədə narkotiklərin
satışı ilə məşğul olan daha 10 nəfər saxlanılıb, qanunsuz
dövriyyədən 2 kiloqramdan artıq narkoik vasitə və psixotrop maddə
çıxarılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, Nəsimi
Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri
əməliyyatlar zamanı rayonun “Kubinka”, “Papanin” və digər
ərazilərində narkotik vasitələrin satışı ilə məşğul olan Orxan
İbrahimov, İsmayıl Məhərrəmov, Anar Əliyev, Turanə Əliyeva,
Xanımnaz Axundova, İlqar Qasımov, Hüseyn Hüseynov, Vüqar Əliyev,
Fuad Tağıyev və Nəriman Məmmədov saxlanılıblar. Bu şəxslərdən külli
miqdarda heroin, metmfetamin və elektron tərəzilər aşkar
edilib.
Araşdırma nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslərin
hər biri narkotik vasitələri “İnstagram” sosial şəbəkəsində tanış
olduqları xaricdə yaşayan narkotacirlərdən onlayn yolla əldə
ediblər.
Faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət
Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb.
Saxlanılanların hər biri barəsində məhkəmələrin qərarı ilə həbs
qətimkan tədbiri seçilib. Adları çəkilən şəxslərin daxil olduqları
narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində
əməliyyatlar davam etdirilir.