Nərminin oğurlanmasının da, öldürülməsinin də mənə heç bir aidiyyəti yoxdur – İlkin Süleymanov

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu
kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə
təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə
prosesi davam etdirilib.

AzerTimes-ın məlumatına görə, prosesdə İlkin Süleymanov ifadə verib.
O bildirib ki, Nərminin oğurlanmasının da, öldürülməsinin də ona
heç bir aidiyyəti yoxdur.

“Moskvada ali təhsil almışam, bir müddət də orada işləmişəm.
Xeyli vaxtdır ki, Dondar Quşçu kəndində yaşlı valideynlərimlə
birlikdə yaşayırdım. 2019-cu il oktyabrın 12-də atam insult
keçirdiyinə görə eyni kənddə yaşayan bacım İlhamə Süleymanova o
vaxtdan tez-tez bizə gəlib, atama qulluq edirdi. İlhamə bizdə
qaldığı müddətdə, yaxud da Bakıda yaşayan övladlarının yanına
getdiyi dövrdə onların kənddəki evində qalırdım. Çünki darvazanın
qıfılı olsa da, evin, içəridəki otaqların açar-kilidi yox idi.
Üstəlik, həyətdə toyuq-cücə vardı. Axşamlar gedirdim, səhər saat
10.00 radələrində qayıdırdım”, – təqsirləndirilən şəxs
bildirib.

O, Nərmin itkin düşdüyü gün axşam bacısının evində qaldığını
deyir. Onun sözlərinə görə, bunu təsdiqləyən şahidlər də var:
“Noyabrın 21-də axşam bacımgildə qalmışdım. Noyabrın 22-də səhər
bacımgildən gedəndə gördüm ki, Arifgilin qapısında polis maşınları
var. Maraqlanmadım ki, nə məsələdi. Sonradan anam evdə dedi ki,
sinif yoldaşın Şərifin ortancıl qızı Nərmin itkin düşüb. Mən heç o
vaxta qədər nə Şərifin ortancıl qızını tanıyırdım, nə də adının
Nərmin olduğunu bilirdim. Bircə böyük qızı Şəbnəmi tanıyırdım. 3-4
gün sonra küçədə Şərifi gördüm, uşağı soruşdum, dedi ki, xəbər
yoxdur”.

İlkin Süleymanov 2020-ci il yanvarın 6-da yaşadığı evin
qarşısında dərəlik ərazidə yanan meyiti necə görməsi haqda da
danışıb: “Mən valideynlərimin yanında olmasın deyə, siqareti küçədə
çəkirəm. Həmin gün gündüz Gəncəyə yas yerinə getmişdim. Axşam 7
radələrində yemək yeyəndən sonra siqaret çəkmək üçün darvazanın
qarşısına çıxdım. Onda gördüm ki, qarşıda – dərə tərəfdə, Nazim
dayının hasarının yanında nəsə yanır. Ora tərəf qaçdım. Orada
meyvə, qoz ağacları var. Ora qonşular gizlicə zibil atır,
yandırırlar. Bir müddət əvvəl yanğın o qədər hündürə qalxmışdı ki,
ağaclara keçmişdi. Yanan ağaclar arasında bizim ağaclar da vardı.
Qorxdum ki, yenə yanğın yuxarı qalxar, ağaclara ziyan dəyər.
Yaxınlaşıb baxanda adam ayağı, ayaqqabı gördüm. Ora ən yaxın Nazim
dayıgilin evidir, ona görə tez onlara qaçdım, qapını döymədən içəri
girdim. Dedim, deyəsən, adam yanır”.

İlkin Süleymanov vurğulayıb ki, hadisə yerində böyük ölçüdə
ayaqqabı izləri və araba təkərinin yerlərini görüb. Ona görə Nazim
Vəliyevə deyib ki, çalışıb o izləri tapdamasın, hüquq-mühafizə
orqanlarına lazım ola bilər. Yanğını telefonuyla videoya çəkəndə
Nazim Vəliyevlə bu haqda danışıqları da orada əks olunub.

İlkin Süleymanov ifadəsini mayın 11-də keçiriləcək növbəti
məhkəmə iclasında davam etdirəcək.

Xatırladaq ki, İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4
(xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs
üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə),
133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına
çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam
oğurluğu) maddələrilə ittiham olunur.

İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi,
uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini
oğurlayaraq, 47 gün sonra qətlə yetirib.

Teqlər: