Mayın 30-u saat 12 radələrində Nərimanov rayonu ərazisində
2001-ci il təvəllüdlü Zülfüqar Qasımzadənin hündürlükdən yıxılaraq
ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Nərimanov rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
ilkin araşdırmalarla müəyyən olunmuşdur ki, “Zirvə-A” MTK
tərəfindən inşa olunan hündürmərtəbəli binanın tikintisində fasad
ustası işləyən Zülfüqar Qasımzadə həmin binanın 5-ci mərtəbəsində
işləyərkən ehtiyatsızlıqdan yıxılaraq aldığı xəsarətlərdən hadisə
yerində ölüb.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət
Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin
aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi
başlanıb.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.