NEQSOL Holding öz rəqəmsal təlim və ünsiyyət platforması, NEQSOL Academy, və dünyaca məşhur onlayn təlim kurslarının təminatçısı olan LinkedIn Learning arasında əməkdaşlığı elan edir.
Əməkdaşlıq çərçivəsində NEQSOL Holding və tərkibindəki şirkətlərin işçiləri NEQSOL Academy platformasına tam inteqrasiya olunmuş, ekspertlərin video təlim kursları vasitəsilə biznes, texnologiya və kreativ sahələrdə peşəkarlıqlarını inkişaf etdirəcək. Əməkdaşlar, PMI, ISACA, ORACLE, SHRM, Six Sigma və digər qurumlar tərəfindən akkreditə olunmuş, sertifikatlaşdırma imtahanlarına peşəkar hazırlıq təlim kurslarının dəstəyi sayəsində müvafiq kvalifikasiyaları qazanmaq imkanını əldə edəcək.
Platformanın geniş və zəngin kitabxanası müxtəlif sahələrdə tanınmış ekspertlərin yaratdığı 16,000-dən çox LinkedIn Learning təlim kurslarını əhatə edir. Əməkdaşlıq, NEQSOL Holding-in öz işçiləri üçün karyera inkişafı imkanlarının gücləndirilməsinə xidmət edir və MDB məkanında LinkedIn Learning-in əhəmiyyətli genişlənməsini əks etdirir.
Harvard Business School, MIT Sloan School və digər təhsil müəssisələrinin yüksək səviyyəli təlim kurslarını təqdim edən NEQSOL Academy öz genişhəcmli bazasını LinkedIn Learning kursları sayəsində daha da zənginləşdirəcək. Əməkdaşlıq holdinqin davamçıların hazırlanması və karyera idarəetmə kateqoriyası üzrə bu yaxınlarda qazandığı nailiyyətlərin gücləndirilməsinə xidmət edir. NEQSOL Holding öz “Davamçıların Hazırlanması Proqramı”na görə həmin kateqoriya üzrə Brandon Hall Group və Gold Stevie® Award nüfuzlu beynəlxalq mükafatlarına layiq görülüb.
NEQSOL Holding-in Baş İcraçı Direktoru Yusif Cabbarov bildirib:
“NEQSOL Holding olaraq inanırıq ki, hər hansı şirkətin edə biləcəyi ən əhəmiyyətli sərmayə məhz işçilərə edilən sərmayədir. Davamlı öyrənmə və inkişaf imkanlarını təmin etmək üçün biz yeni yollar axtarırıq və LinkedIn Learning-in MDB məkanında iştirakının genişlənməsində mühüm rol oynadığımız üçün məmnunuq.”
NEQSOL Holding-in İnsan Kapitalı üzrə Baş Direktoru Meriç Tunç bildirib:
“Dəyərli işçilərimiz üçün daha çox peşəkar və karyera inkişafı imkanlarını genişləndirməkdən qürur duyuruq. Dünya rəqəmsal texnologiyalarla heç vaxt indiki kimi əlaqəli olmayıb, və LinkedIn Learning ilə əməkdaşlığın qurulması rəqəmsal dövrdə işçilərimizin peşəkar ehtiyaclarını daha yaxşı qarşılamağa imkan verəcək.”
LinkedIn-də Təlim və Bağlılıq Həlləri üzrə Vençur Bazarlarının Rəhbəri Tom Nyuman bildirib:
“NEQSOL Holding ilə əməkdaşlığa başlamaqdan, MDB məkanında ən böyük LinkedIn Learning layihələrimizdən birinə və Azərbaycanda ilk layihəmizə töhfə verməkdən çox məmnunuq. İşçilərin inkişafına əlavə səylər göstərən şirkətlər, daha yüksək işçi bağlılığı, daha aşağı işçi axını və daha güclü işəgötürən brendi kimi nəticələrdən faydalanacaq. NEQSOL Holding bunu ən yaxşı şəkildə həyata keçirir və NEQSOL Academy və LinkedIn Learning arasında əməkdaşlıq ilə nümunə göstərəcək.”
NEQSOL Holding-in fəaliyyətinin əsas istiqamətləri Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrini əhatə edir.