Nemət Pənahlının maşını cərimə meydançasına aparıldı

Nemət Pənahlının maşını cərimə meydançasına aparıldı

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) partiya sədri Nemət Pənahlının idarə etdiyi avtomobilin cərimə meydançasına aparılmasının səbəbini açıqlayıb.

İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli AzerTimes-a bildirib ki, Nemət Pənahlının oğlu – 2000-ci il təvəllüdlü Əhəd Pənahlıya məxsus “Toyota Lənd Kruzer” markalı, 90 KM 590 dövlət qeydiyyat nişanlı avtomobilin üzərində 1100 manat məbləğində ödənilməmiş cərimə olub:

“İnzibati Xətalar Məcəlləsinin 529.3-cu maddəsinə uyğun olaraq, Nəsimi Rayon Məhkəməsində həmin nəqliyyat vasitəsinin hərəkətdən uzaqlaşdırılması barədə qərar qəbul olunub. Dövlət Yol Polisi əməkdaşları sükan arxasında olan Nemət Pənahlıya qeyd edilən vəziyyəti izah edib, hüquqi izahdan sonra şəxsin barəsində qanuni tədbirlər görülüb”.

“Bildirmək istəyirik ki, avtomobillər üzərində ödənilməmiş cərimələrə görə nəqliyyat vasitəsinin müvəqqəti duracağa təmin olunması İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə uyğun olaraq həyata keçirilir. Hər bir avtomobil sahibindən nəzərdə tutmuş qaydalara ciddi şəkildə riayət etməsini xahiş edirik”, – DYP rəsmisi vurğulayıb.

Teqlər: