Bakının “Neftçi” futbol klubu mərkəz müdafiəçisi transferini rəsmiləşdirib.
Trend klubun saytına istinadla xəbər verir ki, portuqaliyalı Huqo Basto ilə 2 il müddətinə müqavilə bağlanıb. 28 yaşlı futbolçu komandamızın heyətində 4 nömrəli formanı geyinəcək.
Huqo Basto Portuqaliyanın “Varzim” (2012-2013), “Sportinq Braqa B” (2013-2015), “Aroka” (2015-2018), “Çaves” (2018-2020) və “Eştoril” (2020-2021) klublarında çıxış edib. Son mövsüm 31 oyunda 4 qol vurduğu “Eştoril”lə Portuqaliya çempionatının 2-ci liqasının çempionu olub. O, Portuqaliyanın U-18 və U-23 milli komandalarının şərəfini qoruyub.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl yarımmüdafiəçilər – Sezar Meza Kolli, Harramiz Suares, Xəyal Nəcəfov və müdafiəçi Romen Baskı transfer edib.