Necə edək ki, Tik-Tok bizə faydalı olsun? – Dr. Nəcəf Allahverdiyev təqdim edir

Son dövrlərdə məşhur olan Tik-Tok sosial platforması haqqında
ziddiyyətli fikirlər müzakirə edilir. Bəziləri Tik-Tok-un zərərli
platforma olduğunu, bəziləri isə burada faydalı məlumatların
olduğunu düşünür. …az saytı biznes təlimçi Dr. Nəcəf
Allahverdiyevin Tik-Tok-un müsbət və mənfi tərəfləri, bu
platformadan faydalı yöndə istifadə qaydaları haqqında müsahibəsini
təqdim edir.

Son dövrlərdə azərbaycanlı istifadəçilər arasında da ən populyar
sosial platformaya çevrilən Tik-Tok-da mütəmadi məsləhətlər
paylaşırsınız. Bir çox paylaşımlarınıza milyonlarla baxış və
şərhlər var. Biznes təlimçi kimi necə düşünürsünüz, insanlar belə
platformalarda izlədikləri faydalı məlumatlardan
bəhrələnirlərmi?

Son dövrlərdə həyatımıza daxil olan sosial şəbəkə
platformalarından biri Tik-Tok haqqında bir sıra müzakirələr və
mübahisələr gedir. Tik-Tok-un zərərli olması haqqında bir sıra
fikirlər səsləndirilir və insanlar bu platformaya üzv olmaqdan
çəkinirlər. Əslində mən özüm də ilk dəfə bu platformaya qoşulanda
bir neçə dəfə qarşıma çıxan videolardan sonra hesabımı ləğv edib,
platformanın mobil versiyasını telefonumdan silmişdim. Bir müddət
sonra düşündüm ki, qaçmaqdan və uzaqlaşmaqdan bir şey çıxmaz.
Müqəddəs yer boş qalmır. Biz orada olmayacağıqsa oranı mənfiliklər
dolduracaq. Qərara gəldim ki, yenidən Tik-Tok-da hesabımı
aktivləşdirib bu platformada insanlara faydalı olan, psixoloji,
mənəvi baxımdan praktiki təlim xarakterli videolar paylaşım. Bu
mənim özüm üçün də maraqlı bir sınaq idi, çünki necə
nəticələnəcəyini bilmirdim. Çox maraqlıdır, qısa müddət ərzində
Tik-Tok platformasında sürətli inkişafa nail oldum. İlk 4 ay
ərzində 50.000 – ə yaxın izləyici kütləsi topladım. Bu gün də
izləyicilərim paylaşımlarımda aktiv iştirak edirlər və bu
aktivliklərinə görə hər birinə təşəkkür edirəm. Təcrübə onu
göstərdi ki, Tik-Tok platformasında da insanlara faydalı olan,
şəxsi inkişaf üçün əhəmiyyətli məlumatları bölüşmək olur. Bəzən
qısa videolar, təlimlərdən kiçik fraqmentlər paylaşdıq, bəzən isə
təlimlərdən birbaşa yayımlar etməyə başladıq. Müşahidələrimizə
əsasən çox sayda insanın paylaşdığımız videolardan faydalandığının
şahidi olduq.

Paylaşımlarınız arasında ən çox baxışı olan və maraq yaradan
mövzu hansı istiqamətdə olub?

Tik-Tok paylaşımlarım arasında paylaşdığım bir neçə videonu
milyondan çox insan izləyib. Lakin ən çox maraq yaradan uşaq
tərbiyəsi ilə bağlı olan videodur. Həmin video 2 milyondan çox
istifadəçi tərəfindən izlənilib. Videonun bu qədər maraqla
qarşılanmasının səbəbi, burada uşaq tərbiyəsi, yeniyetmələr və
uşaqlarla davranış qaydaları haqqında danışılmasıdır. Təəssüflər
olsun ki, bir çox ailələrdə uşaqlara aşağılayıcı münasibət
sərgilənir. Əsasən uşaqlara bacarıqsız olduqları deyilir, onlar
başqa uşaqlarla müqayisə edilərək alçaldılır. Bu cür münasibət
birmənalı olaraq uşaqlara və yeniyetmələrə çox mənfi təsir edir,
şüuraltı zədələnmələrə gətirib çıxarır. Məsələn, Türkiyə, Rusiya
kimi ölkələrə baxsaq, 10-12 yaşlı uşaqların kamera qarşısında
sərbəst danışdığını və öz fikirlərini ifadə edə bildiyini görərik.
Azərbaycanda isə nəinki uşaqlar, hətta bəzən yetkin insanlar da
kamera qarşısında özünü itirir, fikirlərini ifadə etməkdə çətinlik
çəkir. Bizim təlimlərimizin əsas hədəflərindən biri də odur ki,
insanlar uşaq yaşlarında yaşadıqları travma nəticəsində
qazandıqları bu komplekslərdən azad olsun, fikirlərini ifadə
etməkdə və ünsiyyət qurmaqda rahat olsunlar. Bu, çox önəmli və
ciddi məsələdir. Bugün insanların bilgisinin, bacarığının çox
olması nə qədər önəmlidirsə, bunu paylaşa bilməsi, nümayiş etdirə
bilməsi, satması, yəni təqdim etmə bacarığına sahib olması da o
qədər vacibdir. Bu, həm şəxsi, həm də iş həyatında biznes
baxımından çox önəmlidir. Çünki “Hard skills” dediyimiz iş
sahəsindəki bilgi və bacarıqlarla, yanaşı “Soft skills” dediyimiz
ünsiyyət bacarığı, emosional dayanıqlılıq da hər bir insan üçün çox
faydalıdır. Biz KarnegiKlubda məhz bu bilgiləri, bacarıqları
aşılayırıq. Nəticədə insanlar toplum qarşısında, ailədə, iş
mühitində öz fikirlərini rahatlıqla söyləyə bilir, bacarıqlarını
nümayiş etdirə bilirlər və bunun sayəsində həm daha artıq qazanc
əldə edir, həm də psixoloji olaraq rahatlıq hiss edərək xoşbəxt
olurlar.

Tik-Tok-da faydalı məlumatlarla yanaşı, zərərli məlumatlara da
rast gəlirik. Sizcə bu platformanın mənfi tərəflərindən qorunmaq
üçün nə etməliyik?

Təbii ki, Tik-Tok-da mənəviyyatdan kənar bir sıra zərərli
məlumatlar da paylaşılır və qarşımıza çıxır. Əvvəla qeyd edim ki,
Tik-Tok-un alqoritmi kordur. Yəni, insanlar hansı videolara və
məlumatlara baxırsa, maraq göstərirsə, davamlı olaraq qarşılarına
həmin tip videolar çıxarır. Bundan xilas olmağın əsas yolu
Tik-Tok-da “mənə göstərmə” funksiyasından istifadə etməkdir.
Qarşınıza çıxan videonu faydasız və ya zərərli hesab edirsinizsə,
bu funksiyadan istifadə edərək növbəti bu tip videoların qarşınıza
çıxmasına mane ola bilərsiniz. Digər tərəfdən sizə xoş gələn
videoların müəlliflərinə abunə ola bilərsiniz. Əgər bunu etsəniz,
Tik-Tok sizə abunə olduğunuz səhifələrdəki paylaşımlara uyğun
videolar göstərəcək. Tik-Tok-un zərərli tərəflərindən biri də ciddi
şəkildə vaxt itkisinə səbəb olmasıdır. Belə ki, bu platformada olan
faydalı məlumatlar və qısa videolar istifadəçidə maraq yaradır və
bu da bəzən saatlarla Tik-Tok-da zaman keçirməyə səbəb olur. Hər
zaman qeyd etdiyim kimi, burada da zamanın düzgün idarə edilməsi
vacib şərtdir. Bu baxımdan bütün istifadəçilərə Tik-Tok
platformasından düzgün istifadə etməyi, faydalı məlumatları
izləməyi, lazımlı kontentlər yaradaraq öz bizneslərini qurmağı və
zərərli məlumatları izləməkdən çəkinməyi tövsiyə edirəm.


//vt.tiktok.com/ZSd42NfRq/?k=1


//vt.tiktok.com/ZSd42h6tj/

Teqlər: