Nə üçün yeniyetmələrə “Pfizer” vaksini vurulacaq?

Xəbər - Humay Ağacanova – Trend:

Artıq yaz-yay aylarından etibarən bir sıra ölkələrdə, xüsusən ABŞ-da koronavirusa qarşı “Pfizer” vaksini üzrə uşaqlar arasında tədqiqatlar aparılıb və ilkin nəticələrə əsasən hər hansı bir neqativ hal yaşanmayıb.

Bu sözləri AzerTimes-a açıqlamasında tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə deyib.

O qeyd edib ki, yeniyetmələrin vaksinasiyası məqsədəuyğundur:

“Hal-hazırda ölkəmizdə və dünyada COVID-19-un “Delta” variantı yayılıb. Bu ştamm orta yaşlılar, hətta uşaqlar arasında sürətlə yayılma xüsusiyyətinə malikdir. Hazırda ölkəmizdə məktəblərin və məktəbəqədər təhsil müəssisələrinin açılmasını nəzərə alsaq, uşaqlar arasında yoluxma riski arta bilər. Bu səbəbdən vaksinasiya məqsədəuyğundur.”

V.Cavadzadə həmçinin bildirib ki, yeniyetmələr həkim müayinəsindən keçdikdən sonra onların hazırki vəziyyəti təhlil edilərək vaksinasiyasına qərar veriləcək.


Qeyd edək ki, Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının qərarına əsasən 12-18 yaşlı yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurulacaq.

Yeniyetmələrin vaksinasiyası üçün vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb ediləcək.

Müvafiq tibbi göstərişlərə və hər iki valideynin razılığına əsasən yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurula bilər.

Vaksinasiya mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.

Teqlər: