Nazir Qızılağac Milli Parkında yanğın olan əraziyə gedib (VİDEO)

Xəbər - Çingiz Səfərli – Trend:

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Qızılağac Dövlət Təbiət Qoruğunda yanğın baş vermiş əraziyə baş çəkib.

Bunu Trend-in sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

O bildirib ki, nazir hazırda yanğın baş vermiş ərazidədir, nazirliyin xidmət rəsmisi Firudin Əliyev isə Qəbələdə yanğın olan əraziyə gedib: “Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev səhər saatlarında Qızılağac Dövlət Təbiət Qoruğuna gedib. Burada yanğının vurduğu fəsadlar və miqyası ilə tanış olub, müvafiq tapşırıqlarını verib. Bir neçə saat öncə isə havanın küləkli olması səbəbindən yenidən yanğın baş verib və nazirliyin əməkdaşlarının iştirakı ilə alov qısa zamanda söndürülüb. Baş verə biləcək yeni yanğın təhlükəsinə qarşı nazirliyin əməkdaşları növbətçilik sistemi təşkil ediblər. Hava küləkli olduğundan alovlanma riski hələ də qalır”.

Qeyd edək ki, ötən gün Lənkəran şəhərinin Balıqçılar qəsəbəsində Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində yanğın baş verib. Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri tərəfindən söndürülüb. Nəticədə 30 ha sahədə quru ot və kol-kos yanıb.

Twitter:@cingizsafarli

Teqlər: