Nazir müavini şəhid baş leytenant Mixail Həmidovun ailəsini ziyarət edib (FOTO)

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Zəfərimizin qəhrəmanlarından biri, şəhid baş leytenant Mixail Həmidovun ailəsini ziyarət edib, şəhidimizin uşaqları – Mədinə, Yusif və Mələklə görüşüb.

Füzuli rayonunun azad edilməsi uğrunda döyüşlərdə şəhid olan Mixail Həmidov Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

H.Abdullayev ailənin, şəhidin uşaqlarının qayğıları ilə maraqlanıb. Nazir müavini torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi, Vətənimizin ərazi bütövlüyü təmin olunması uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın, həmçinin şəhid baş leytenant Mixail Həmidovun xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını vurğulayıb.


Nazir müavini hər bir şəhid ailəsinin dövlətin qayğısı ilə əhatə olunduğunu, bu istiqamətdə dəstək tədbirlərinin həyata keçirildiyini qeyd edib. Bundan sonra da şəhid ailələrinin, onların övladlarının sosial vəziyyətinin daim diqqətdə saxlanacağını bildirib.
Məlumat üçün bildirək ki, indiyədək şəhidimizin ailəsinə birdəfəlik sığorta ödənişi ödənilib, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Prezidentin aylıq təqaüdü və ailə başçısını itirməyə görə pensiya təyin olunub. Nazirlik tərəfindən bu ilin may ayında şəhidin ailəsi 3 otaqlı mənzillə də təmin edilib.

Teqlər: