Naxçıvan uğrunda mübarizə aparan ziyalı…

Naxçıvan uğrunda mübarizə aparan ziyalı…

Bu gün görkəmli alim-professor Abbas Zamanova həsr olunmuş “Vətən fədaisi” adlı tədbir keçirilib.

AzerTimes xəbər verir ki, öncə Dövlət Himni səsləndirilib və Azərbaycanın bütövlüyü, istiqlaliyyəti uğrunda şəhid olmuş şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə professor İsa Həbibbəyli, əməkdar rəssam Rais Rəsulzadə, əməkdar elm xadimi Qəzənfər Paşayev, millət vəkilləri Sabir Rüstəmxanlı, Etibar Əliyev, Sadiq Qurbanov və digər ictimai-siyasi xadimlər iştirak edib.

Görüşü açıq elan edən tədbirin təşkilatçısı, “Müvəkkil” Hüquq Mərkəzinin sədri, hüquqşünas Səməd Vəkilov professor A.Zamanovun şəxsiyyət olaraq Azərbaycanın ictimai-siyasi həyatındakı önəmindən söz açıb.

Daha sonra Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Azərbaycanın milli ziyalılarının himayə edilməsi Heydər Əliyev və Abbas Zamanov münasibətləri kontekstində” məruzəsi ilə çıxış edib.

Tədbirdə A.Zamanovun fəaliyyətindən danışan professor İsa Həbibbəyli M.Ə.Sabirin əsərlərinin toplanılıb, dəfələrlə nəşr olunmasında onun böyük rol oynadığını vurğulayıb:

“Onun yeni nəsil sabirşünasların hazırlanması, əsərlərinin dünya dillərində dərc olunması və xarici ölkələrə göndərilməsi, orada şair haqda məqalələrin yazılması və onların ölkəmizə gətirilib təkrar çap olunmasında əvəzsiz xidmətləri var. Bir institutun görə biləcəyi işi o, tək başına edirdi. Eyni zamanda, professorun Cəlil Məmmədquluzadə isminin öyrənilməsindəki rolunu da ayrıca qeyd etmək lazımdır.

Həmçinin, Naxçıvanın Azərbaycandan qoparılıb Ermənistana ilhaq edilməsinin qarşısının alınmasında da A.Zamanovun böyük rolu var”.

Sabir Rüstəmxanlı isə çıxışında ədəbiyyatşünasla bağlı xatirələrindən söz açıb:

“Abbas müəllim tez-tez mənim yanıma gələrdi. Bir az söhbət edəndən sonra gedərkən yeni kitablarımın siqnal nüsxələrini də özü ilə aparardı. Onun qarşısını kəsib “Ay Abbas müəllim, hara aparırsan? Bu axı siqnal nüsxədir, bizdə qalmalıdır” deyirdim. O isə zarafatla “Ərzurumda bir Abbas Zamanov kitabxanası var, bir ildən çoxdur ki, oranın yazıçısı Sabir Rüstəmxanlıdır” deyərdi”.

Görüş zamanı Abbas Zamanovun kitab mübadiləsi adı altında mühacirətdə olan Cümhuriyyət irsinin Azərbaycana gətirilməsi ilə məşğul olması və bu irsi yaşatması da qeyd edilib. Həmçinin bildirilib ki, onun öz arxivində topladığı yüzlərlə məktublaşmaları arasında Türk dünyasının nəhəng alimlərindən Əhməd Cəfəroğlu ilə söhbətləri xüsusi ilə maraq doğurur.

Teqlər: