Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma
planına əsasən “Dövlət sərhədinin pozulması hallarının qarşısının
alınması üzrə sərhəd axtarışının təşkili” mövzusunda birgə taktiki
təlim keçirilib.
Müdafiə Nazirliyindən AzerTimes-a bildirilib ki, təlimin ssenarisinə
əsasən sərhəd pozucuları dövlət sərhədini pozaraq Naxçıvan Muxtar
Respublikasının ərazisinə keçməyə cəhd edirlər. Sərhəd naryadından
daxil olmuş siqnala əsasən sərhəd bölmələrinin şəxsi heyəti
“Silaha” komandası ilə qaldırılır. “Həyəcan qrupu” hadisə baş
vermiş əraziyə, “Hərbi pərdələyici dəstə” sərhəd naryadları isə
dövlət sərhədinin pozulduğu istiqamətdə təyin olunmuş hüdudlar boyu
ərazinin qapadılması üçün hərəkət edirlər. Dövlət sərhədinin
pozulması əlamətləri aşkar edildikdən sonra sərhədin mühafizəsi
gücləndirilməklə aidiyyəti qurumların müvafiq bölmələri xəbərdar
edilir. Sərhəd komendantlığının mobil qrupları və sərhəd
zastavalarından cəlb olunmuş axtarış qrupları tərəfindən dövlət
sərhədinin pozulduğu istiqamətdə axtarış tədbirləri həyata
keçirilir.
Əməliyyat-axtarış tədbirlərinin daha effektli həyata keçirilməsi
üçün əməliyyat rayonunda birgə qərargah yaradılır. Axtarış
rayonunda sərhəd pozucularının dərinliyə sızmasına imkan verməmək
məqsədilə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının bağlama qrupları
ilə birgə Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələrindən
və Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının
xüsusi təyinatlı dəstəsindən ayrılmış qruplar da cəlb edilməklə
təyin olunmuş hüdudlar boyu ərazi qapadılır. Birgə fəaliyyət zamanı
təcrid edilmiş ərazilərdəki yaşayış məntəqələrində naməlum şəxslər
haqqında məlumatların toplanılması məqsədilə əraziyə yaxın yollarda
reydlər keçirilir, əməliyyat rayonunun giriş-çıxış yollarında
nəzarət məntəqəsi xidməti təşkil olunur.
Aparılmış uğurlu axtarış tədbirləri nəticəsində aşkar olunmuş
sərhəd pozucuları mühasirəyə alınaraq yaxalanır və sərhəd axtarışı
ərazisində fəaliyyət dayandırılaraq rejimə qoyulmuş məhdudiyyətlər
aradan qaldırılır.
Təlimin yekununda “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası
komandirinin birinci müavini – qərargah rəisi polkovnik Muxtar
Həmzəyev birgə fəaliyyət nəticəsində təlimdə qarşıya qoyulmuş
məqsədlərə nail olunduğunu bildirib.