Naxçıvan Qarnizonu Qoşunlarında 2021-ci tədris ilinin nəticələri ilə bağlı yekun müşavirə keçirilib (FOTO/VİDEO)

2021-ci tədris ilini uğurla başa vuran Naxçıvan Qarnizonu Qoşunlarında 2022-ci yeni tədris ilinə hazırlıq planına uyğun olaraq müxtəlif ixtisaslar üzrə toplantılar keçirilib. Komandir heyətinin bilik və bacarıqlarının, nəzəri və praktiki vərdişlərinin təkmilləşdirildiyi toplantılara müxtəlif ixtisaslı və kateqoriyalı komandirlərlə yanaşı komandir müavinləri də cəlb edilib. Toplantı iştirakçılarından ümumqoşun, ixtisas və fiziki hazırlıqdan məqbullar götürülüb. 2022-ci tədris ilinə hazırlıq tədbirləri çərçivəsində birləşmə və hissələrdə şəxsi heyətə sıra baxışı keçirilib, bölmələrin maddi-tədris bazaları və tam təchizatı yoxlanılıb.

Trend Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Toplantılar başa çatdıqdan sonra 2021-ci tədris ilinin nəticələri ilə bağlı yekun müşavirə keçirilib. Müşavirədə əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və ordu quruculuğundan bəhs edən “Ordumuz qürurumuzdur” adlı film nümayiş etdirilib.

Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayev 2021-ci tədris ilində həyata keçirilmiş tədbirləri təhlil edərək bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin “Ordu quruculuğu Vətənə sevgidir, dövlətə və dövlətçiliyə sədaqətdir” prinsipi ilə müəyyənləşdirdiyi vəzifələr bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yola saldığımız 2021-ci il ölkəmizin tarixində ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrdə, o cümlədən Ordu quruculuğu işində yeniliklərlə yadda qaldı, “Zəfər Günü”nün birinci ildönümünü təntənə ilə qeyd etdik və qalib xalq olaraq bir daha qürur hissi keçirdik. Ötən il mayın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodrom kompleksinin və Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışını etməsi, burada yaradılan şəraiti və eləcə də Vətən Müharibəsi zamanı Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının göstərdikləri şücaəti yüksək qiymətləndirməsi 2021-ci ilin yadda qalan hadisələrindəndir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı ilə Naxçıvan Qarnizonu Qoşunlarının döyüş potensialı, imkan və qabiliyyəti daha da artırılıb, birləşmə və hissələrin müasir silah və texnikalarla təmin olunmasına xüsusi diqqət yetirilib. Yola saldığımız 2021-ci il ərzində hərbi infrastrukturun yenilənməsi istiqamətində tədbirlərin uğurla davam etdirilməsi və yüksək dağlıq şəraitdə yerləşən hərbi hissələr də daxil olmaqla yeni hərbi obyektlərin istifadəyə verilməsi müdafiə qüdrəti durmadan artan muxtar respublikamızda ordu quruculuğu sahəsində görülən işlərin məntiqi davamıdır. Ötən il həyata keçirilən tədbirlər sırasında Naxçıvan Qarnizonu Mərkəzi Hərbi-Həkim Komissiyasının (həkim-uçuş komissiyasının) fəaliyyətə başlaması və Naxçıvan Dövlət Universitetinin Tibb Fakültəsində “Hərbi həkim” ixtisasının yaradılması mühüm yer tutur.

Azərbaycan-Türkiyə dostluq əlaqələrindən və hərbi əməkdaşlığından danışan Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayev ötən ilin iyun ayında Naxçıvan Qarnizonu Qoşunları və Türkiyə Silahlı Qüvvələrinin idarəetmə orqanları ilə birgə taktiki-xüsusi təliminin keçirildiyini diqqətə çatdırıb. Təlimi izləyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyə Respublikasında pilotsuz uçuş aparatı sistemləri kursunu müvəffəqiyyətlə bitirən zabit və gizir heyəti ilə görüşüb, “BAYRAQDAR-TB2” silahlı pilotsuz uçuş aparatının praktiki uçuşlarının idarəedilməsini izləyib, Döyüşü İdarəetmə Mərkəzi və Coğrafi Analiz Sisteminin imkanları ilə tanış olub.

Müşavirədə Əlahiddə Ümumqoşun Ordu komandanının birinci müavini-qərargah rəisi, general-leytenant Fazil Ağalarovun qoşunların fəaliyyətlərinin ayrı-ayrı istiqamətləri üzrə məruzəsi dinlənilib. General-leytenant Fazil Ağalarov Türkiyə Respublikasının Qars şəhərində keçirilmiş “Qış-2021” və Naxçıvanda keçirilmiş “Sarsılmaz qardaşlıq-2021” birgə təlimlərində birləşmə və hissələrin şəxsi heyətinin yüksək peşəkarlıq və əzmkarlıq nümayiş etdirdiyini vurğulayıb.

Şəxsi heyətin hərbi-peşəkar hazırlığının və döyüş qabiliyyətinin yüksəldilməsinin, müdafiənin etibarlı və zəmanətli təmin edilməsinin 2021-ci tədris ilində Naxçıvan Qarnizonu Qoşunlarının əsas tapşırığı olduğunu qeyd edən general-leytenant Fazil Ağalarov “Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planı” haqqında ətraflı məlumat verib.

Məruzə ətrafında müzakirələr zamanı Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar nazirinin müavini, general-mayor Hikmət Kərimov, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının komandiri, general-mayor Səlim Niftəliyev, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası komandirinin birinci müavini-qərargah rəisi, polkovnik Muxtar Həmzəyev və Əlahiddə Ümumqoşun Ordu komandanının müavinləri 2021-ci tədris ilində görülmüş işlər və 2022-ci tədris ilində qarşıda duran vəzifələrlə bağlı məruzə və təkliflərlə çıxış ediblər.

Ötən tədris ilində bütün tapşırıq və vəzifələrin tam həcmdə yerinə yetirildiyini qeyd edən Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayev 2022-ci tədris ilində qarşıda duran məqsəd və vəzifələrə dair Ali Məclis Sədrinin tapşırıqlarını diqqətə çatdıraraq müşavirəyə yekun vurub.

Sonda döyüş və ictimai-siyasi hazırlıqda yüksək nəticələr əldə etmiş bir qrup hərbi qulluqçuya müxtəlif adda medallar təqdim olunub.

Teqlər: