Fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi ilə bağlı tədbir keçirilib.
AzerTimes xəbər verir ki, Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov, Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov, digər rəsmi şəxslər və ictimaiyyət nümayəndələri tədbirdə iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət ediblər.
Sonra tədbir Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında davam edib.
Səlahiyyətli nümayəndə, dövlət və hökumət nümayəndələrinə Sarayın foyesində Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə bağlı hazırlanmış veb saytı, poçt markası, posterlər təqdim edilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxış edərək Prezident İlham Əliyevin muxtar respublikanın 100 illik yubileyi münasibətilə təbrikini çatdırıb.
Naxçıvan Muxtar Respublikanın 100 illiyini Azərbaycanın bütövlüyü və suverenliyi təmin olunmuş şəkildə qeyd olunmasını xüsusi xoşbəxtlik kimi dəyərləndirən Fuad Nəcəfli Prezident İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib, ali dövlətçilik fəaliyyətində yeni uğurlar arzulayıb.
Səlahiyyətli nümayəndə Prezident İlham Əliyevin 2023-cü il dekabrın 30-da “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı Sərəncama əsasən bu il ərzində əlamətdar tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb.
F.Nəcəfli vurğulayıb ki, Naxçıvanda müasir idarəetmə modelinin tətbiqi, aparılan institusional islahatlar, nəqliyyat imkanlarının genişləndirilməsi, Azərbaycanda ətraf mühitin mühafizəsinə yönəlmiş fəaliyyəti çərçivəsində muxtar respublikanın yaşıl enerji zonası elan olunması, bütün bunların yekunu olaraq isə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması Naxçıvanda yeni inkişaf mərhələsinin əsasını qoyub.
Sonra Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş videoçarx və Naxçıvan Televiziyasının hazırladığı “Ulu torpaq, Ulu Öndər” filmi nümayiş etdirilib.