Ölkəmizə qarşı son beynəlxalq hücumların ön cərgəsində yer alan Almaniya Bundestaqının üzvü Frank Şvab 16 fevral Münhen sammiti günlərində özünün X səhifəsində paylaşım edərək, 6 mart tarixində “Uçurumun kənarında” adlı film nümayiş etdirəcəklərini, Azərbaycanın Avropa Şurası və digər beynəlxalq təşkilatlarda apardığı siyasətə zərbə vuracaqlarını bildirib. Sitat: “Filmin məqsədi sarsıdıcı olmaq və dəyişiklik gətirməkdir”. Sual olunur, onlar hansı dəyişiklikdən danışırlar? Sirr deyil ki, söhbət Amerika, Fransa və Almaniya dövlətlərinin Qələbəmizdən sonra regiondan çıxarılan dayaqlarından, Cənubi Qafqaza iqtisadi və silahlı qayıdışından gedir. Ona görə də Prezident İlham Əliyev andiçmə mərasimində, məhz bu salonda yüksək tribunadan bəyan etdi ki, sarsılmaz daşları tərpətdiyimiz üçün bizdən əl çəkməyəcəklər, hücumlar artacaq. Lakin bizim cavab tədbirlərimiz daha təsirli olacaq!
AzerTimes xəbər verir ki, bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Zahid Oruc parlamentin bugünkü iclasında deyib.
“Halbuki Şvab parlamentarilərimizin mandatı ilə bağlı qərarı onunla əsaslandırırdı ki, Azərbaycan qərbli siyasətçiləri satın aldığı üçün onlar təmiz, maaşları ilə dolanan, hətta Martin Lüter Kinq kimi ölümü ilə yüksək siyasi ideallarından dönməyən sadiq avropalıları bizim əleyhimizə birləşdiriblər. Lakin son 30 ildə elə bir amerikalı və ya qərbli siyasətçi tanımırıq ki, sonda Bob Menendez və ya Eva Kaylin kimi korrupsiya qalmaqalı ilə ifşa olunmasınlar.
BBC-yə müsahibəsində Şvab deyirdi ki, biz ərazi münaqişələri ilə məşğul olan təşkilat deyilik.
Onda son iki ildə Ukraynada müharibə məsələsi niyə dəfələrlə müzakirələrə çıxarılıb, 8 qətnamə və qərar qəbul ediblər, Rusiyanı təcavükar adlandırıblar? Ölkəmizlə bağlı eyni addımları nə vaxt atıblar?
Nikol Paşinyanın 19 fevralda Münhen sammiti proqramında Təşəkkür medalı ilə təltif etdiyi Avroparlamentin Təhlükəsizlik Komitəsinin sədri – Azərbaycana qarşı şəbəkənin əsas simalarından olan Natali Luazo bəyan etdi ki, onların əsas məqsədi bölgədə yerləşdirdikləri Avromissiyanın fəaliyyətidir. Bəli, strateji hədəf NATO-nun hərbi qüvvələrini regiona müdaxiləsi üçün zəmin hazırlamaqdır və 12 fevral tarixində sərhəddəki insidentin səbəbi məhz Zəngəzur dəhlizinə Qərbin hərbi korpusunu gətirməkdir. Avropa Birliyinin Ermənistandakı səfiri Vasili Maraqosun 12 fevral tarixli müsahibəsində deyir – Zəngəzur Ermənistanın təhlükəsizliyi üçün çox vacib bölgədir və xariclə əlaqəni təmin etmək strateji yoldur. Biz həmin bölgənin təhülkəsizliyi üçün 110 milyon avro vəsait ayırmışıq”, – deputat bildirib.
Z.Oruc sual edib ki, ölkəmiz nə vaxt həmin əraziləri müharibə yolu ilə alacağını bəyan edib ki, Avropa Birliyi belə böyük vəsaitləri Zəngəzura yatırır?!
“Artıq Rusiya ilə yanaşı, İran, ABŞ və Avropa Birliyinin missiyaları, biznes şirkətləri və digər çətirlər altında Zəngəzur mahalında yerləşiblər.
Lakin unutmayaq ki, Avropa Birliyinin missiyalarının Bosniyada 20 il, Gürcüstanda 13 il, Liviyada 13 illik fəaliyyəti sülhə deyil, münqaişələri idarə etməklə ölkələrin iqtisadi sərvətlərini sümürməyə yönəlmişdi. Ona görə də bütün beynəlxalq missiyalar unutmasınlar – o torpaqların tarixi sahibləri olan azərbaycanlılar Zəngəzur yolunu açacaqlar!”