Narkotiklə tutulan şəxslərin oğurluq əməllərinin də üstü açılıb

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti
əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin
qanunsuz dövriyyəsində şübhəli bilinən 5 nəfər rayon sakini
saxlanılıb. Onlardan dördünün oğurluq əməlinin də üstü açılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzerTimes-a
verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşlarının daxil olmuş
məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri
nəticəsində rayonun Şahağacı kənd sakini Eltun Həsənov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 720 qram narkotik vasitə heroin
aşkarlanaraq götürülüb.

Şöbə əməkdaşlarının keçirdikləri daha bir əməliyyat-axtarış
tədbiri nəticəsində Astara şəhər sakini Zamin Əhmədzadə saxlanılıb.
Onun üzərindən 30 qrama yaxın heroin aşkarlanıb.

Astara RPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz
dövriyyəsinə qarşı keçirdikləri digər əməliyyat-axtarış tədbirləri
nəticəsində isə rayon sakinləri Seyidağa Cabbarov, Gülağa Quliyev
və Bəxtiyar Mirzəyev saxlanılıblar. Onların hər birinin üzərindən
hazır bükümlərdə qablaşdırılmış narkotik vasitə heroin aşkarlanaraq
götürülüb.

Aparılan əlavə əməliyyat tədbirləri ilə saxlanılan şəxslərdən
B.Mirzəyev, G.Quliyev, E.Həsənov və S.Cabbarovun rayon ərazisindəki
müxtəlif ünvanlardan oğurluq etdikləri də müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.

Teqlər: