Narkotik dövriyyəsinə görə 57 nəfər saxlanılıb (FOTO/VİDEO)

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən
daha 120 kiloqram narkotik maddə qanunsuz dövriyyən çıxarılıb, 57
nəfər saxlanılıb.

Trend xəbər verir ki, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə
Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 20 gün ərzində
keçirilən silsilə əməliyyatlar zamanı narkotik maddələrin qanunsuz
dövriyyəsi ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin daha 57
üzvü saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 120 kiloqram narkotik
vasitə və psixotrop maddə, həmçinin 4360 ədəd psixotrop tərkibli
həb aşkar olunub.

Daxil olmuş məlumat əsasında Abşeron və Binəqədi rayonlarında
keçirilən əməliyyatlar zamanı əvvəllər məhkum olunmuş Pənah
İsmayılov və Ramin Abuzərov saxlanılıblar. Pənah İsmayılov
üzərindən və yaşadığı evdən 42 kiloqram, o cümlədən 30 kiloqram
heroin, 9 kiloqram metamfetamin, 3 kiloqram marixuana, elektron
tərəzilər və 1 ədəd narkotik vasitələrin satışına dair qeydlər
apardığı dəftər, Ramin Abuzərovdan isə 8 kiloqram müxtəlif adda
olan narkotik maddə aşkar edilib.

Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının
Astara və Salyan rayonlarında həyata keçirdikləri əməliyyatlar
zamanı əvvəllər məhkum olunmuş Fuad Əliyev, Emil Babayev, Bəxtiyar
Əsədov, Fazil Baxşəliyev, eləcə də Elşən Əliyev, Rüstəm Əliyev və
Sevinc Qasımova saxlanılıblar. Bu şəxslərdən, eləcə də evlərindən
56 kiloqram, o cümlədən 34 kiloqram heroin, 22 kiloqram marixuana,
2 kiloqram metamfetamin və 3300 ədəd metadon həbi aşkar olunub.

Araşdırma zamanı müəyyən edilib ki, adları çəkilən 9 nəfər
qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda yüksək
təsiresici xassəyə malik narkotik vasitəni Azərbaycan ərazisində
qəbul edərək satışı təşkil etməli imişlər.

Paytaxtda, eləcə də, cənub və qərb bölgələrdən həyata keçirilən
digər əməliyyatlar zamanı sosial şəbəkələr vasitəsi ilə
narkotacirlər tərəfindən narkokuryerliyə cəlb edilən daha 48 nəfər
saxlanılıb. Bu şəxslərdən 14 kiloqram heroin, kokain, metamfetamin,
elektron tərəzilər, ekstazi, metadon həbləri, narkotik vasitələrin
onlayn satışı, həmçinin pul dövriyyəsini təşkil etmək üçün istifadə
olunan plastik kartlar aşkar olunub.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə
cinayət işləri başlanılıb narkotiklərin qanunsuz dövriyyəsində
təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində
məhkəmələrin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Teqlər: