Narkotacir sosial şəbəkədə tanış olduğu ustanı narkokuryerliyə cəlb edib (FOTO/VİDEO)

Xəbər - Fərid Zöhrabov – Trend:

Ölkə xaricində yaşayan narkotacir sosial şəbəkədə tanış olduğu
ev təmiri ilə məşğul olan ustanı narkokuryerliyə cəlb edib.

Trend xəbər verir ki,
Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin
əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri
nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul
olan Lənkəran şəhər sakini Əfrail Seyfullayev saxlanılıb. Onun
üzərinə baxış zamanı 2 kiloqram yüksək təsiredici xassəyə malik
narkotik vasitə olan heroin aşkar edilib.

Araşdırma zamanı bu şəxsin ev təmiri ilə məşğul olduğu və
“İnstagram” sosial şəbəkəsində gördüyü işləri reklam etmək məqsədi
ilə özünəməxsus səhifə açdığı müəyyən edilib. Daha sonra Əfrail
Seyfullayev sosial şəbəkədə tanış olduğu xarici ölkələrdən birində
yaşayan narkotacirin şirnikləndirici vədlərinə aldanaraq onun
narkokuryerlik təklifi ilə razılaşıb. Bu məqsədlə o, narkotik
vasitələrin paytaxt ərazisində satışını təşkil edib. Əfrail
Seyfullayev ifadəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə
məşğul olduğunu etiraf edib.


Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində
Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindiyi üçün
tutulan Əfrail Seyfullayev barəsində məhkəmənin qərarı ilə həbs
qətimkan tədbiri seçilib.

Teqlər: