“Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib

18.05.2022-ci il tarixində Zəngilan rayon İcra Hakimiyyəti
Başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və
hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Nərmin
Hüseynzadənin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!”
mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik
Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət
Komissiyasının Sektor Müdiri Raqif Allahverdiyev, Narkotizmlə
Mübarizə İctimai Birliyinin İcraçı Direktoru Kənan Qubadzadə,
Zəngilan rayon Gənclər və İdman İdarəsinin rəisi Zakir Məmmədov,
Zəngilan rayon 33, 29 №-li tam orta məktəblərin şagird və
müəllimləri, 29 №-li tam orta məktəbin psixoloqu Səbinə Qarayeva,
həmin məktəbin Uşaq İctimai Birliyinin sədri Gülarə Həmzəyeva və
digər idarə müəssisələrin əməkdaşları iştirak ediblər.

Komissiyanın məsul katibi Nərmin Hüseynzadə tədbiri giriş sözü
ilə açaraq iştirakçıları rayon rəhbərliyinin adından salamlayıb,
çıxış edərək müasir dövrümüzün ən aktual problemlərindən biri olan
narkomaniya ilə mübarizədə hər kəsin səfərbər olmalı olduğunu qeyd
edib.

Daha sonra Azərbaycan Respublikası Narkomanlığa və Narkotik
Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət
Komissiyasının Sektor Müdiri Raqif Allahverdiyev sağlam gənclik
naminə keçirilən bugünkü tədbirin böyük əhəmiyyəti olduğunu
bildirib. Ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən diqqət və
qayğıdan, ölkəmizdə həyata keçirilən gənclər siyasətinin dövlətin
əsas istiqamətlərindən biri olmasından söz açan natiq bu gün
Azərbaycan gəncləri üçün geniş imkanlar yaradıldığını diqqətə
çatdırıb. “Güclü dövlətin parlaq gələcəyi sağlam gənclikdən
asılıdır. Bir dövləti məhv etmək üçün onun sağlam gəncliyini məhv
etmək lazımdır”, – deyən R.Allahverdiyev gəncləri müstəqil
Azərbaycanın bu günü, sabahı naminə narkotik vasitələrdən uzaq
durmağa, xarici təsir altına düşməməyə çağırıb.

Narkotizmlə Mübarizə İctimai Birliyinin İcraçı Direktoru Kənan
Qubadzadə gənclərin sağlam gələcəyi naminə təşkil olunmuş tədbirə
görə rayon rəhbərliyinə və tədbiri təşkil edənlərə gənclər adından
minnətdarlığını bildirib. Bir gənc olaraq həmyaşıdlarını dövlətin,
xalqın təhlükə mənbəyinə çevrilən, cəmiyyətin dəhşətli bəlası olan
narkomaniya ilə mübarizədə aktiv olmağa səsləyib. Narkomaniya ilə
mübarizə tədbirlərini gücləndirməklə gələcəyimizi, sağlamlığımızı
qorumuş olduğumuzu söyləyib. Gənclərin dövlətçilik ruhunda
yetişməsi, sosiallaşması, cəmiyyətə yararlı fərd olaraq
formalaşması, onların bilik və bacarıqlarının, dünyagörüşlərinin
genişləndirilməsi üçün şərait yaradılan və gəncləri bu imkanlardan
istifadə etməyə, yararlanmağa çağırıb.

Daha sonra digər natiklər də Narkomaniya ilə mübarizənin təkcə
hüquq-mühafizə orqanlarının deyil, cəmiyyətin hər bir vətəndaşının
üzərinə düşən əsas iş olduğunu bir daha söyləyib. Bu sahədə hər
kəsi kompleks şəkildə mübarizə aparmağa səsləyib.

Sonra isə narkomaniya və onun törətdiyi fəsadlardan bəhs edən
“Narkomaniyaya yox de” adlı videoçarx nümayiş olunub. Tədbir
diskusiya formatında davam edib.

Teqlər: