Müxalifətimiz Kılıçdaroğluya niyə dəstək verir?

Müxalifətimiz Kılıçdaroğluya niyə dəstək verir?

Bizim müxalifət, konkret desək, AXCP və Müsavat Partiyası antiərdoğan mövqeyindən çıxış edir.

AzerTimes xəbər verir ki, bu sözləri Avropada yaşayan jurnalist Elbəyi Həsənli deyib.

O bildirib ki, müxalifətin CHP-nin sədri, “Altılı masa”nın namizədi Kamal Kılıçdaroğluya dəstəyinin məntiqi izahı yoxdur:

“Çünki AXCP də, Müsavat da sağ mərkəzçi partiyadır. CHP isə sol mərkəzçi partiya kimi tanınır. AKP də sağ mərkəzçi partiyadır. Yəni ideoloji baxımdan AXCP və Müsavatın AKP-ni dəstəkləməsi doğal olardı. Ancaq onlar solçu partiyaya görə ayaqdadırlar. Niyə belədir? Çünki ideologiya-zad boş söhbətdir, şəxsi maraqlar öndədir”.

O xatırladıb ki, Azərbaycan müxalifəti həmişə MHP ilə yaxın olub:

“Rəhmətlik Alparslan Türkeş Əbülfəz Elçibəy ilə qardaş kimi idi. Sayın Türkeşin göstərişi ilə onlarla MHP üzvü əlində silah (qeyri-rəsmi) erməni faşizminə qarşı Qarabağda vuruşub. Ümumiyyətlə, Türkiyədə Azərbaycana, bütövlükdə Türk Dünyasına sonsuz sevgisi olan və türk kimliyi uğrunda mübarizə aparan partiya tarixən MHP olub. Hazırda MHP sayın Dövlət Baxçalının şəxsində AKP iqtidarına – Tayyib Ərdoğana dəstək verir. AXCP və Müsavat Partiyası isə MHP-yə arxa çevirib, CHP-nin yanında yer alıb. Absurd deyilmi?

AXCP-nin sədr müavini Seymur Həzi HDP başqanı Səlahəddin Dəmirdaşı “siyasi məhbus” və “Türkiyə üçün kilid siyasətçi”, “bu coğrafiya üçün cəsur nümunə” hesab etdiyini bildirmişdi. O, belə bir proqnoz da verdi: “Dəmirdaş kimi dəstəkləsə, o seçiləcək. Yəni tarazlığı o dəyişə bilər”.

AXCP əmin idi ki, Azərbaycanda mümkün iqtidar dəyişikliyi ancaq və ancaq Türkiyədə baş verən hakimiyyət dəyişikliyindən sonra reallaşa bilər. Elə bu səbəbdən də Səlahəddin Dəmirdaşı göylərə qaldırmışdılar. Eynən Kamal Kılıçdaroğlu kimi”.

Jurnalist vurğulayıb ki, Kamal Kılıçdaroğlu “Türkün yolu” adlandırdığı layihədə Azərbaycanın heç adını da çəkmədi:

“Azərbaycansız türkün yox, yalnız erməninin yolu ola bilər. Doğrudanmı, belə sadə bir həqiqəti başa düşmək bu qədər çətindir?

Bir məqamı da deyim: Ərdoğanın yenidən prezident seçilməsi həm də o deməkdir ki, türk dünyası sürətlə bir araya gələcək. Şəxsən mənim üçün bu məsələ hər bir şeyin fövqündədir. Türk dünyasının bir araya gəlməsindən böyük hədəf ola bilməz”.

Teqlər: