Müstəqillik Günü münasibətilə AHİK-də tədbir keçirilib (FOTO)

Mayın 27-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında
(AHİK) 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə AHİK-in rəhbər işçiləri, həmçinin üzv və tabe
təşkilatların sədrləri və məsul əməkdaşları iştirak ediblər.

Öncə Azərbaycanın müstəqillik tarixindən bəhs edən videoçarx
tədbir iştirakçılarına nümayiş etdirilib.

Tədbirdə çıxış edən AHİK sədrinin birinci müavini İlyas
Əliyev
1918-ci il mayın 28-də xalqımız tərəfindən qurulan
müsəlman Şərqinin ilk demokratik respublikası Azərbaycan Xalq
Cümhuriyyətinin tarixindən, gördüyü işlərdən, xalqımızın həyatında
oynadığı rolundan bəhs edib.

Onun sözlərinə görə, xalq hakimiyyəti və insanların bərabərliyi
prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə
vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi
bərabərsizliyi ortadan qaldıran ilk ölkələrdən biri olub: “Bütün
bunlar Azərbaycanın nə qədər sülhsevər, tolerant, birgəyaşayış
dəyərlərinə sədaqətinin dərin köklərini göstərir. Cümhuriyyət
dönəmindəki şərəfli addımlardan biri də qadınlara şərqdə ilk dəfə
səsvermə hüququnun verilməsi olub. Bu, ölkədə gender bərabərliyinin
təmin olunmasının parlaq əlaməti idi. Azərbaycanın ilk Parlamenti
və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri
müəyyənləşdi. Dövlətin əsas atributları – bayraq, himn və gerb
yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu
sahəsində ciddi tədbirlər həyata keçirildi”.

İ.Əliyev qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti hərbi
müdaxilə səbəbindən süqut etdiyi üçün qarşıya qoyduğu məqsədlərə
tam müvəffəq ola bilməsə də, onun şüurlarda bərqərar etdiyi
müstəqillik ideyası unudulmadı: “Üstündən 70 il keçəndən sonra –
1990-cı il noyabrın 17-də Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə
ilk dəfə Naxçıvan parlamenti Azərbaycan Xalq Cümhuriyyətinin
üçrəngli bayrağını dövlət bayrağı kimi təsdiq etdi. 1991-ci il
oktyabrın 18-də isə Azərbaycan xalqının müstəqillik arzusu həyata
keçdi. Müstəqilliyin ilk illərində onu itirmək təhlükəsi ilə üz-üzə
qalmışdıq. Ulu Öndər Heydər Əliyevin xalqın köməyinə yetişməsi
müstəqilliyimizin başını almış təhlükəni aradan qaldırdı və
Azərbaycanın xoşbəxt gələcəyinin əsası qoyuldu”.

“Bu gün Azərbaycan müstəqillik tarixinin ən şanlı dövrünü
yaşayır, bütün sahələrdə dayanıqlı inkişaf bərqərar olub, hər bir
Azərbaycan vətəndaşının xoşbəxt yaşaması üçün ölkəmizdə bütün
imkanlar mövcuddur. Bütün uğurlarımızın, qələbələrimizin kökündə
xalqımızın vahidliyi, birliyi dayanıb. Məhz bu birlik bizi
qələbədən-qələbəyə daşıyıb”, – deyən AHİK sədrinin müavini əlavə
edib ki, bu gün xalqımız öz dövlətinin və onun başçısı cənab İlham
Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək daha böyük
zirvələrə doğru inamla irəliləməkdədir: “İnanırıq ki, bu birliyimiz
sayəsində müstəqilliyimiz əbədi olacaq, dövlətimiz daha da
güclənəcək”.

Teqlər: