Müstəqil Azərbaycan indi dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasındadır – Deputat

Tarix təkcə yaşanılan illər deyil. Tarix həm də rəqəmlə ifadə edilən dövlətçilik qürurudur.

Dövlətçilik tarixi min illərin o üzü ilə səsləşən Azərbaycanda da dövlətlərarası münasibətlər bəzən tarixi ədalətsizliklərlə üzləşib.

Müharibələrdə ərazi qazanan da olur, ərazi itirən də. Dövlətlərarası münasibətlər bəzən üçüncü dövlətin dövlətçiliyinin itirilməsinə səbəb olur. Gülüstan müqaviləsindən sonra Azərbaycanın əraziləri hesabına Rusiya ilə İranın ərazisi genişləndi. Araz çayı ayrılıq çayına döndü. Dünyada eyni ərazinin (dövlətin) ikiyə bölünməsi ilə “o tay, bu tay” ifadəsı yarandı. Xalq bu ayrılığı tarixin bir mərhələsi kimi yaşamadı, iki dövlətin dövlətçiliyimizə qəsdi kimi yaşadı. Xalqın azadlıq, müstəqillik mübarizəsi tarixin yaddaşını da silkələdi. Tarix gördü ki, bu xalq kimdənsə, kimlərdənsə asılı tarix (vassal tarixi) yaşamaq istəmir və yaşamayacaq.

Azərbaycanda milli-azadlıq hərəkatı həmişə olub. Bu hərəkat genişlənirdi. Xalqın taleyini, dövlətçilik tarixini düşünənlər bu mübarizəni axına, nəhrə çevirə bildilər. 1918-ci ilin may ayının 28-də İstiqlal Bəyannaməsi imzalandı: “28 mayıs, sənə 1918-ci ildə Tiflis şəhərində Azərbaycan Milli Şurası – rəis müavini Həsən bəy Ağayev, katib Mustafa Mahmudov, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyov, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanov, Heybətqulu Məhəmmədbəyov, Mehdi bəy Hacınski, Əliəsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məhəmmədyusif Cəfərov, Xudadat bəy Məlikaslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudin bəy Köçərlinski, Camo bəy Hacınski, Şəfı bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlikaslanov və Hacı Mirzə Səlim Axundzadə əfəndilərin iştirakı ilə Azərbaycanın istiqlalı haqqında zildəki əqdi elan etdi.”. Azərbaycan Demokratik Cümhuriyyəti yarandı.

Milli Şura üzvlərinin qətiyyətli siyasi mövqeləri demokratik parlamentin formalaşmasını təmin etdi. Milli hökuməti tanımaq istəməyən, yaşamasının, tarixdə qalmasının əleyhdarı olan ermənilər və Rusiyaya meyillilər, əslində Rusiyanın dövlət maraqlarının ifadəçisi olanlar parlamentin yaradılmasına mane ola bilmədilər.

Ali qanunverici orqan 1918-ci il 27 iyun tarixli qərarı ilə Azərbaycan dilini dövlət dili elan etdi.

1918-ci ilin dekabr ayının 7-də Parlamentin təntənəli açılışı oldu. Bu, bütün müsəlman Şərqində o dövrün demokratik prinsipləri əsasında formalaşdırılan ilk parlament idi. Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev onun birinci müavini seçildi.

O vaxtlarda Gürcüstan da, Ermənistan da müstəqilliyini elan etmişdi. Üç müstəqil dövlətin rəsmiləri Batumda Osmanlı dövləti ilə danışıqlar apararaq, 1918-ci il iyunun 4-də ayrı-ayrı müqavilələr imzaladılar. Azərbaycanla bağlanan Dostluq və Əməkdaşlıq Müqaviləsini Azərbaycan tərəfdən Milli Şuranın sədri Məmməd Əmin Rəsulzadə və Xarici işlər naziri Məmməd Həsən Hacınski imzaladı. Azərbaycanın müstəqilliyini taniyan ilk dövlət Türkiyə olmuşdu və onunla imzalanan müqavilənin üçüncü maddəsi Azərbaycanın torpaq və ərazi bütövlüyünü, dördüncü maddəsi isə Türkiyənin Azərbaycana siyasi və hərbi köməyini əhatələyirdi.

Dövrünə görə geniş səlahiyyətlərə malik olan Azərbaycan parlamenti dövlətçilik təsisatlarının müəyyənləşdirilməsində, onların dünyanın iri dövlətlərinin parlamentlərinə intreqrasiyasında mühüm tədbirlər həyata keçirirdi. Belə tədbirlər milli maraqların qorunması baxımından xarakterik idi. Parlamentin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında iştirakı da, gərəkli diplomatik fəaliyyəti də dövlətçiliyimiz baxımından səmərəli oldu: 1920-ci il yanvarın 11-də Antanta dövlətləri Azərbaycanın istiqlaliyyətini de-fakto tanıdılar. Azərbaycan Xalq Cümhuriyyəti dünyanın 20-dən çox dövləti ilə (Türkiyə, Gürcüstan, Ermənistan, İran, Belçika, Hollandiya, Yunanıstan, Danimarka, İtaliya, Fransa, İsveçrə, İngiltərə, ABŞ, Ukrayna, Litva, Polşa, Finlandiya, …) baş konsulluq, konsul agentlikləri səviyyəsində əlaqələr qurmağa nail olmuşdu.

Dekabrın 25-də general Səməd bəy Mehmandarov hərb naziri, general Əliağa Şıxlinski hərb nazirinin müavini, general Süleyman Sulkeviç baş qərargah rəisi təyin edildi. 1920-ci ilin yanvar ayında ordu quruculuğu işi tamamlandı və 30 mini piyada, 10 mini süvari olmaqla, 40 min nəfərlik nizami ordu yaradıldı.

Azərbaycan dinc, mədəni, çoxmillətli və çoxmədəniyyətli bir cəmiyyət kimi Cümhuriyyət dövründə də multikultural dəyərləri qoruyan, qanunla dəstəkləyən bir dövlət idi. 1919-cu il iyulun 21-də Azərbaycan Parlamenti “Azərbaycan Respublikasının Müəssislər Məclisinə Seçkilər Haqqında 4 fəsildən, 116 bənddən ibarət Əsasnamə”ni təsdiq etdi. Dövlətçilik baxımından vacib olan bu sənədə əsasən Müəssislər Məclisinə seçkilərdə dinindən, cinsindən, milliyyətindən asılı olmayaraq 20 yaşına çatmış bütün Azərbaycan vətəndaşları iştirak edə bilərdi.

Dövlətçiliyi müəyyənləşdirən hər qurum ayrılıqda da, vəhdətdə də gərəklidir və hər birinin mahiyyəti, dövlətçilikdə rolu, digər dövlətçilik (dövlət) qurumları ilə əlaqədə fəaliyyəti nizamnamələr (və yaxud nizamnamələri əvəzləyən müvafiq sənədlər) əsasında müəyyənləşdirilir. Azərbaycan Demokratik Cümhuriyyətində ali qanunverici orqanın fəaliyyəti bilavasitə onun nizamnaməsini əvəzləyən “Azərbaycan parlamentinin nakazı (təlimatı)” ilə tənzimlənirdi. Parlament Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğu istiqamətində dünyəvi dəyərlərlə səsləşən, o dəyərlərə müvafiq, ancaq milli-xəlqi ruhu əhatələyən sənədlər qəbul etdi. Həmin dövrdə Azərbaycan müsəlman Şərqində yeganə parlamentli respublika idi. 23 ay ərzində respublika parlamentinin 145 iclası keçirildi, 270-dən artıq qanun layihəsi müzakirəyə çıxarıldı, onlardan 230-a yaxını təsdiq edildi. Bu rəqəmlər dövlətçiliyin təsisatlarının (deməli, dövlətçiliyin) möhkəmləndirilməsi baxımından diqqəti çəkirdi. Dünya dövlətləri gənc Azərbaycan dövlətinin inkişaf istiqamətlərini, dinamikasını təqdir edirdi.

Təhsilin, maarifçiliyin cəmiyyətin sosial inkişafında mühüm rol oynayacağı gümanı mühüm bir qərarla tamamlandı, Azərbaycan Demokratik Cümhuriyyətinin parlamenti o dövr üçün olduqca gərəkli, dünyəvi inkişaf baxımından son dərəcə zəruri bir qərar qəbul etdi: 1919-cu ilin sentyabr ayının 1-də Bakı Dövlət Universiteti təsis olundu. Maarifçilik daha dinamik əsaslarla inkişaf edəcəkdi, elmin bütün sahələrinin inkişafına yüksək səviyyəli şərait yaranacaqdı.

Ümummilli lider Heydər Əliyev Azərbaycanın dövlətçiliyini, dövlət müstəqilliyinin qorunmasını təmin etdi, gərəkli, qətiyyətli tədbirlər gördü, ölkəni labüd çevrilişdən xilas etdi. Qısa müddətdə dünya dövlətləri ilə ikitərəfli, çoxtərəfli müqavilələr imzalandı ki, bunlar da Azərbaycanın iqtisadi inkişafı istiqamətində son dərəcədə əhəmiyyətli oldu. Həyata keçirilən ciddi islahatlar dövləti dinamik inkişafa yönəltdi. Ümummilli liderin rəhbərliyi ilə Azərbaycan yeni inkişaf mərhələsinə çıxdı. Bu mərhələ zaman anlamında sabahların, deməli, əbədiyyətin cığırdaşı oldu.

Ümummilli Liderin bu siyasətini Cənab Prezident İlham Əliyev uğurla davam etdirir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan Respublikası indi dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasındadır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır” qətiyyəti məhz bu inkişafa söykənir.

Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq”.

2020-ci ilin 27 sentyabrında əks-hücun əməliyyatı kimi başlayan Vətən müharibəsi Cənab Prezidentimiz İlham Əliyevin böyük sərkərdəliyi ilə Zəfərlə tamamlandı. Bu Zəfər də, Zəfərdən sonra Şuşada keçirilən “Xarlbülbül” festivalı da Azərbaycanın dövlətçiliyinə sevginin, dövlətçilik ənənələrinə sədaqətin nəticəsidir.

Azərbaycan Demokratik Cümhuriyyəti Parlamentinin qəbul etdiyi qanunvericilik aktları həm səviyyəsinə, həm də məramına görə Azərbaycan dövlətçiliyi tarixində, bu anlamda parlament mədəniyyəti tarixində həmişə ehtiramla xatırlanacaq.

Azərbaycan dövləti Azərbaycan Demokratik Cümhuriyyətinin varisidir və bu varislik əbədi olacaq!

Səbinə Xasayeva,
Milli Məclisin deputatı

Teqlər: