Musəvi, Aruri qətli və İranda terakt: “simvollar” savaşı…

Musəvi, Aruri qətli və İranda terakt: “simvollar” savaşı…

Qasım Süleymani 3 yanvar 2020-ci ildə ABŞ tərəfindən Bağdadda öldürüldü. Arxasınca isə çox maraqlı hadisələr silsiləsi yaşandı.

Bu sözləri AzerTimes-a Yaxın Şərqdə baş verən proseslər haqqında danışan Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar deyib.

Ekspert İran, İsrail və ABŞ-ın davamlı şəkildə simvolik tarixlər üzərindən bir-birinə mesaj göndərdiyini qeyd edib:

“İran Qasım Süleymaninin intiqamını almaq, siyasi şiəliyi yaymaq və Livanın şərqindəki Fatima sərhəd-keçid məntəqəsi üzərindən Aralıq dənizinə çıxmaq üçün öz proksiləri vasitəsilə cidd-cəhdlər edir. Qəzzadakı müharibədən öncə, 2021-ci ildə HƏMAS Qasım Süleymaninin doğum günündə İsrailə qarşı “Qüds qılıncı” hərəkatına başladı. HƏMAS-ın İsrailə son hücumu isə 7 oktyabrda, yəni Putinin ad günündə baş verdi. ABŞ-ın “USS Duayt Eyzenhauer” təyyarədaşıyan gəmisinin başçılıq etdiyi zərbə qrupu Yaxın Şərqə donanmanın qurulmasının 248-ci ili və general Duayt Eyzenhauerin doğum günü ərəfəsində gəldi. Yəni burada simvollar üzərindən də bir mübarizə var. İsrail və ABŞ HƏMAS-ın hücumlara davam gətirməsinin arxasında İranın olduğunu bilir. Qəzzada əvvəldən vəkalətlər müharibəsi özünü göstərdi. Ancaq İsrail ilk dəfə ABŞ-ın bu qədər böyük miqyaslı dəstəyini əldə etdi. Əvvəllər nüvə potensialının azaldılması məsələsi ilə başlayan proses daha fərqli hal aldı. Ən son Süleymaninin dostu general Rza Musəvi öldürüldü. Musəvi kiçik fiqur deyildi, o, İran dövlətinin “Zeynəbiyyun”, “Fatimiyyun”, Hizbllah və şiə milisləri üzərindəki qılıncı idi. Sonra İran üç israillini öldürdüyünü açıqladı, amma bu təsdiqlənmədi. Arxasınca husilər ortaya çıxdı və Qırmızı dənizdə ABŞ-la daha güclü şəkildə toqquşma oldu. Vaşinqton isə hücumun dəf edildiyini, uğursuz olduğunu açıqladı.

İki gün əvvəl İsrailin Beyruta hava hücumu zamanı HƏMAS-ın İordan çayının Qərb sahilindəki nümayəndəsi Saleh əl-Aruri öldürüldü, dünən də Kirmanda Qasım Süleymaninin anım mərasimində terror aktı törədildi”.

Abdullah Ağar vurğulayıb ki, ABŞ-ın rəsmi mövqeyi bizi yanıltmamalıdır:

“ABŞ İsrailə onun üçün həssas olan nöqtələrə diqqət yetirmək şərtilə istədiyini etməyə imkan verir, hətta ona zaman qazandırır. ABŞ və İsrailin hansı plan üzərində razılaşdığını bilmirik. Amma Vaşinqton bu müharibənin günahkarı kimi görünmək istəmir. Digər tərəfdən müharibənin genişlənmə və ABŞ-ın hegemonluğuna təhdid etmə riski var. Fikrimcə, ABŞ bütün dünyada qlobal güc kimi problemə müdaxilə yolu ilə onu həll etdiyi mənzərəsi formalaşdıra biləcəyi anda prosesə daxil olacaq”.

Teqlər: