- Abas müəllim, yeni vəzifəyə təyin olunduqdan sonra ilk
dəfədir ki, müsahibə verirsiniz. Ona görə də ilk növbədə, Sizi bu
təyinatınız münasibətilə təbrik edirik.
- Təbriklərinizə və şirkətimizə göstərdiyiniz marağa görə
təşəkkür edirəm Müsahibə üçün yaradılan imkana görə
minnətdaram.
- Abas müəllim, A-Qroup-un İdarə Heyətinin sədri təyin
olunmağınızdan bir ildən çox vaxt ötür. Bir az keçmişə nəzər salaq.
Bazarın ən tövsiyə olunan sığorta şirkətlərindən birinə rəhbərlik
etmək kimi böyük məsuliyyəti öz üzərinizə götürməyiniz sizin üçün
qorxulu deyildimi? Üstəlik, gəlişiniz koronovirus pandemiyası ilə
bağlı böyük məhdudiyyətlər dövrünə təsadüf edir. Bu da Sizi
dayandırmadı?
- Şirkətdə yeni olmadığım üçün bu qorxu hissini yaşamadım. Mən bu
son təyinatdan 2 il əvvəl A-Qroup komandasına qoşulmuşdum və İdarə
Heyəti Sədrinin müavini vəzifəsin icra edir, satış və zərərlərin
tənzimlənməsi sahələrinə rəhbərlik edirdim. Bu müddət ərzində mən
bu şirkəti sevdim və kiçik, lakin çox mehriban kollektivin bir üzvü
olmağı bacardım. Təbii ki, mən Azərbaycanın sığorta bazarında 26
ildən artıqdır ki, uğurla fəaliyyət göstərən bir şirkətə rəhbərlik
etməyin və ən azı bu şirkətin eyni səviyyədə saxlanmasının böyük
məsuliyyət olduğunu bilirəm. Lakin mənə hər zaman mürəkkəb
problemlərin həlli maraqlı olub. İş nə qədər çətin olsa, bir o
qədər maraqlıdır. Yəqin ki, məhz elə bu səbəbdən marağım qorxu
hissini üstələyib.
- Şirkətin gələcək inkişafını necə görürsünüz? Nəyi
dəyişmək istəyirsiniz?
- Qəribə səslənə bilər, amma mən ilk növbədə nəyi qoruyub
saxlamaq və mümkün dərəcədə təkmilləşdirmək istədiyim barədə
danışmaq istəyirəm.
Bu gün A-Qroup universal, çoxşaxəli sığorta şirkətidir, lakin
heç kimə sirr deyil ki, bu şirkət yarananda fəaliyyətini ilk
növbədə tibbi sığorta növünə istiqamətləndirmişdir. Bu nüans
“sığortalıya pasiyent kimi qayğı göstərmək” ideologiyasını
yaradaraq onun imicində dərin iz qoymuşdur. Ona görə də bazarda
olduğumuz 26 il ərzində “sığortalıya qayğı göstərmək” sözləri
sadəcə gözəl şüar deyil, əsl missiyaya çevrilmişdir. Təbii ki, bu
müddət ərzində şirkət uzun və mühüm yol qət etmiş, dəyişmiş,
inkişaf etmiş, məhsul çeşidini genişləndirmişdir, lakin bu missiya
daim dəyişməz olaraq qalmışdır. Buna görə də “sığortalıya qayğı
göstərmək” anlayışının qorunub saxlanmasının düzgün qərar olduğunu
düşünürəm. Bizi başqalarından fərqləndirən o zaman da bu idi, bu
gün də budur və bu bizim mütləq qoruyub saxlamalı olduğumuz
ənənələrdəndir. Bu mənim əsas məqsədimdir.
Digər əsas məsələ xidmətin keyfiyyətinin yüksək səviyyədə
saxlanılmasıdır. Fəaliyyət göstərdiyi illər ərzində şirkət öz
öhdəliklərini vicdanla yerinə yetirmişdir. Tibb haqqında danışsaq,
əminliklə deyə bilərəm ki, bizim bu sahədə bərabərimiz yoxdur.
260-а yaxın şirkət, 30 mindən çox sığorta olunan öz sağlamlığını
bizə etibar edir. Biz təkcə ötən il ərzində sığorta olunanların
müalicəsi üçün 11 milyon manata yaxın vəsait ödəmişik. Xidmətimizi
yüksək qiymətləndirən əksər müştərilər uzun illər bizimlə qalır və
bizə etibar edirlər. Yeri gəlmişkən, şirkəti dəyişdikdən bir-iki il
sonra yenidən bizə geri qayıdanların sayı da az deyil!
Avtomobil sığortası ilə bağlı da fəxrlə danışa bilərik. Hər ay
bizdə KASKO üzrə 50-60 sığorta hadisəsi qeydə alınır. Bu hallarda
zərərin ödənilməsi üçün orta müddət 3 gün təşkil edir. İnanın ki,
bu çox yaxşı göstəricidir. Təvazökar səslənəcək, amma demək olar ki
şirkətə hər hansı şikayət daxil olmur, əksinə, sığortalılardan ayda
bir neçə dəfə təşəkkür zəngləri qəbul edir və elektron təşəkkür
məktubları alırıq, hətta bəziləri minnətdarlıq əlaməti olaraq
əməkdaşlarımıza müxtəlif şirniyyatlar göndərirlər.
Dəyişdirilməli və inkişaf etdirməli məsələlər barədə danışsaq,
mütləq şəkildə texnologiya qeyd olunmalıdır. Bu gün texnologiya
maliyyə sektoru da daxil olmaqla, dünyada fəaliyyətin bütün
sahələrini qlobal şəkildə dəyişir. Azərbaycan da bu baxımdan
istisna deyil. Yaxın gələcəkdə satışın səmərəliliyinin artırılması,
xərclərin azaldılması, yeni məhsulların yaranması və s. məsələlər
birbaşa bundan asılı olacaq. Buna görə də şirkətimizin rəqəmsal
transformasiyası qaçılmazdır. Biz burada artıq müəyyən uğur əldə
etmişik. Məsələn, biz hələ 2016-cı ildə müştərilər üçün sığorta
növləri üzrə mobil tətbiqi bazarda ilk istifadəyə verənlərdən biri
olmuşuq. İndi isə mobil tətbiq qlobal yeniləmədən keçir və yaxın
günlərdə onu ictimaiyyətə təqdim edəcəyik. Bununla paralel olaraq,
biz artıq şirkət daxilində bir çox prosesləri avtomatlaşdırmışıq.
Ancaq hesab edirəm ki, ənənəvi məhsulları və biznes prosesləri ilə
sığorta bazarında əsas dəyişikliklər hələ qarşıdadır. Bu
dəyişikliklərin sürəti indi daha çox qanunvericilik bazasını müasir
texnologiyaların imkanlarına nə qədər tez uyğunlaşdırmaqdan
asılıdır. Bu, müxtəlif struktur arayışları, məcburi fiziki imza və
s. kimi keçmişdən qalmış tələbləri nə qədər tez geridə
qoymağımızdan asılıdır.
- Siz icbari sığorta növünü aparmağa icazə əldə edən
sonuncu şirkətsiniz. Bu A-Qroup üçün nəyi dəyişir?
- Bəli, A-Qroup icbari sığorta növünü aparmağa icazə alan sonuncu
sığorta şirkətidir. Biz bunun üçün sistemli, nizam-intizamlı,
prinsiplərimizdən kənara çıxmadan uzun yol qət etdik.
- Bu nəyi dəyişir? Birincisi, bu bizə sığorta xidmətlərinin
çeşidini genişləndirməyə imkan yaratdı. Son illər ərzində
sığortanın digər növlərini fəal şəkildə inkişaf etdiririk. Bunun
sayəsində 2021-ci ildə KASKO üzrə 81%, əmlak sığortasında 52%,
müxtəlif məsuliyyət növləri üzrə sığortada 39% artım qeydə
alınmışdır. Pandemiyaya baxmayaraq, inkişafı qoruyub saxlamağımız
çox vacib məsələdir. İndi isə biz icbari sığorta növlərini də
təqdim edə bilərik. İkincisi, A-Qroup indi ölkənin bütün
regionlarında təmsil olunur və bu, gələcək inkişaf üçün yaxşı
potensialdır.
Amma sikkənin əks tərəfi də var. Bildiyiniz kimi, bu, bazarın ən
kütləvi seqmentidir və sığorta hadisələrinin çox yüksək dinamikası
var. Nəticədə, böyük bazar payına malik şirkətlər istər-istəməz
zərərin ödənilməsi ilə bağlı xidmətlərində böyük iş yükü ilə
üzləşirlər. Bu həcmdə hadisələrlə hər bir müştəriyə fərdi
yanaşmadan danışmaq çətindir. Lakin reputasiya A-Qroup üçün
qısamüddətli faydalardan daha vacibdir. Etibarlı sığortaçı kimi
şöhrətimizi uzun illər gərgin fəaliyyətimiz sayəsində qazanmışıq.
Buna görə də biz yüksək dövriyyə üçün reputasiyamızı itirməyi gözə
ala bilmərik. Beləliklə, biz yüksək satış və bazar payının
arxasınca düşməyəcəyik. Biz sistemli şəkildə inkişaf etməyə davam
edəcəyik. Əsas diqqətimiz əvvəllər tam kompleks xidmət göstərə
bilmədiyimiz sadiq müştərilərimizdir. İndi onlar başqa sığorta
şirkəti axtarmağa məcbur deyillər.
- Gördüyümüz kimi, qarşınızda çox çətin vəzifələr var.
Sizin üçün yeni bazar seqmentləri, regional genişlənmə, portfelin
diversifikasiyası. Bu, daha çox işçi, daha çox iş, daha mürəkkəb
proseslər deməkdir. Eyni zamanda, siz öz dəyərlərinizi,
davamlılığınızı qorumaq istəyirsiniz. Bunun öhdəsindən necə gəlməyi
planlaşdırırsınız?
- Haqlısınız. Bu, həqiqətən də asan deyil. Lakin bu bizi
qorxutmur. Düşünürəm ki, biz öhdəsindən kifayət qədər yaxşı
gəlirik. Gəncə şəhərindəki nümayəndəliklə yanaşı, Quba, Lənkəran,
Şəki və gözəl yurdumuzun digər bölgələrində də nümayəndəliklər
açılmışdır. Təkcə 2021-ci ildə şirkətin işçi heyətində 21 nəfər
artıb. Bu bizim 2021-ci ildə qarşımıza qoyduğumuz ən çətin vəzifə
idi, çünki komandamıza kimi qəbul edəcəyimizi seçərkən biz
namizədin nəinki peşəkarlıq səviyyəsini yoxlayır, həm də namizədin
insani keyfiyyətlərini dəyərləndirməyə çalışırıq və onun kollektivə
uyğun olub-olmadığını, komandada işləməyə, həmkarlarına kömək
etməyə hazır olub-olmadığını anlamağa çalışırıq. Axı A-Qroup
həmfikirlərdən ibarət komandadır. Təcrübədən göründüyü kimi,
aparıcı mütəxəssislərdən ibarət parçalanmış kollektivdən fərqli
olaraq həmfikirlərdən ibarət kollektiv mürəkkəb tapşırıqların
öhdəsindən daha yaxşı gəlir. Mehriban komanda və korporativ
mədəniyyət A-Qroup-un məni ilk günlərdən təəccübləndirən
xüsusiyyətlərindən biridir və biz bundan sonra da belə qalmaq
niyyətindəyik.
- Abas müəllim, görüşməyə razı olduğunuza və maraqlı
söhbətə görə sizə təşəkkür edirəm. Uğurlarınızı izləyəcəyik. Ümid
edirəm ki, yaxın gələcəkdə yenidən görüşəcəyik.
- Maraqlı sual və diqqətiniz üçün təşəkkür edirəm. İnanıram ki,
bizə inanan hər kəsin ümidlərini doğruldacağıq.