Mikels sabah oynamaq istəmir, getməyi düşünür.
AzerTimes xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev Bakıda Serbiya “Partizan”ına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.
Rusiyalı mütəxəssis bildirib ki, mövsümün əvvəlində belə halların olması çox pisdir:
“Bunlar mövsümün ortasında olsaydı, nələrsə edə bilərdik. Şayiələri müzakirə etmək istəmirəm. Hadisələrə müsbət təsir etməyə çalışdım, amma maliyyə məsələləri mənim səlahiyyətimdə deyil. Müqaviləsində bənd var ki, müəyyən məbləğ qarşılığında sərbəst qala bilər. Lakin hələ bu məbləğ hesaba köməyib. Bütün diqqətim “Partizan”la oyundadır”.
40 yaşlı çalışıdırıcının sözlərinə görə, komandasını çox çətin və maraqlı oyun gözləyir:
“Çalışacağıq ki, maksimum gücümüzü ortaya qoyaq. Bu cür matçlar üçün ailəmizdən kənarda qalırıq. Azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik. Güclü olan qazansın”.
“Partizan”ın mənfi və müsbət cəhətlərindən söz açan Musayev rəqibin hücum xəttini xüsusi vurğulayıb:
“Güclü tərəflərindən biri sürətli hücuma keçməsidir. Fərdi olaraq yaxşı çıxış edirlər. Bir-birilərini gözəl başa düşürlər. Zəif cəhətləri haqqında danışmaq düzgün olmazdı”.
Təcrübəli baş məşqçi bu yay “Neftçi”ni Belqrad təmsilçisinə dəyişən Mateus Saldanyanın yeni komandasına yaxşı uyğunlaşdığını söyləyib:
“Qollar vurur. Onu tanıyırıq. Amma “Partizan” bir oyunçudan ibarət deyil”.
Musayev deyib ki, “Sabah” komanda işi, aqressiv oyun və özünə inam sayəsində mərhələni keçə bilər:
“Ehtiyatlı olmalıyıq, “Partizan”ın gücünü bilirik. Lakin özümüzə inanırıq”.
Qeyd edək ki, avqustun 10-da “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Partizan” oyunu saat 20:00-da başlayacaq. Cavab görüşü avqustun 17-də Belqradda olacaq.