“Müharibə veteranı” adı verilmiş şəxslərə təqaüd təyinatı yekunlaşıb

Xəbər - Humay Ağacanova – Trend:

Prezident İlham Əliyevin 29 dekabr 2021-ci il tarixli
Sərəncamına əsasən Müdafiə Nazirliyi və digər qurumlar üzrə
“Müharibə veteranı” adı verilmiş şəxslərə də Prezidentin aylıq
təqaüdü təyin edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən
Trend
-ə verilən məlumata görə, Sərəncama uyğun olaraq, Müdafiə,
Daxili İşlər, Ədliyyə nazirlikləri, Dövlət Sərhəd Xidməti,
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi
Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Nazirlər
Kabineti ilə razılaşdırılmış siyahı əsasında “Müharibə veteranı”
adı verdikləri şəxslər barədə məlumatları Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin “Zəfər” altsisteminə daxil edib, Xarici
Kəşfiyyat Xidməti və Dövlət Təhlükəsizliyi Xidməti isə bu
məlumatları kağız və elektron daşıyıcılarda təqdim ediblər.

Bu məlumatlar əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi tərəfindən 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək
olan dövrdə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüş
əməliyyatlarında iştirak etmiş və razılaşdırılaraq, adları “Zəfər”
altsisteminə daxil edilmiş, habelə kağız daşıyıcılarda təqdim
edilmiş veteranlara Prezidentin aylıq təqaüdünün (80 manat)
təyinatı prosesi yekunlaşıb.

Həmin şəxslərə təqaüd onların müraciəti olmadan, heç bir sənəd
təqdim edilmədən, e-sistem üzərindən proaktiv qaydada təyin
edilib.

Təyinat 2022-ci ilin 1 yanvarından rəsmiləşdirilərək həmin
vaxtdan hesablanıb ödənilir. Təqaüd təyin edildiyi anda şəxsin
telefon nömrəsinə bu barədə, habelə təqaüd kartını hansı bankdan
əldə edəcəyinə dair SMS göndərilir.

Müharibə veteranı üçün təqaüdün təyin edilməsi, habelə ödəniş
kartını haradan əldə etmələri barədə məlumatı Nazirliyin rəsmi
internet səhifəsindəki (sosial.gov.az) “Müharibə veteranı üçün
təqaüd” adlı bölməyə daxil olmaqla da öyrənmək olar.

Xatırlatma üçün bildiririk ki, “Müharibə veteranı” statusu və
vəsiqəsi şəxsin qulluq keçdiyi qurum tərəfindən müəyyən edilərək
Nazirlər Kabineti ilə razılaşdırılmaqla verilir və bundan sonra
“Zəfər” altsisteminə daxil edilir. Bunun əsasında isə Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqaüd təyin
olunur.

Teqlər: