Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının X plenumu keçirilib

Fevralın 16-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının X plenumu keçirilib. Plenumda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət qəbul edilib

Trend xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Əmək və Əhalinin Sosial Müdafiəsi və Müdafiə nazirliklərinin nümayəndələri, Təşkilatın Rəyasət Heyətinin üzvləri, respublikanın şəhər və rayon veteran təşkilatlarının sədrləri, veteranlar iştirak ediblər.

Respublika Veteranlar Təşkilatının sədri vəzifəsini icra edən, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarova plenumu açaraq tədbirin gündəliyi barədə məlumat verib. Bildirib ki, tədbirdə təşkilatın ötənilki fəaliyyətinin yekunları, 2021-ci il üçün tədbirlər planı, təşkilati və cari məsələlər müzakirə olunacaq.

Gündəlik təsdiqləndikdən sonra Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov qurumun cari ildəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat məruzəsi ilə çıxış edib. O, ölkəmizin müasir tarixinin ən qüdrətli dövrünü yaşadığını, otuz il düşmən tapdağı altında qalan torpaqlarımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti sayəsində azad olunaraq əsl sahiblərinə qovuşduğunu bildirib.

Ulu öndər Heydər Əliyevin veteranlara daim diqqət və qayğı göstərdiyini vurğulayan məruzəçi bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Qeyd olunub ki, Respublika Veteranlar Təşkilatı bu qayğı və diqqəti yüksək qiymətləndirir, fəaliyyətini daha səmərəli qurmağa çalışır. C.Xəlilov bildirib ki, 44 günlük Vətən müharibəsi veteranlarının daim diqqət mərkəzində saxlanılması, sosial problemlərinin həlli, onların bilik və bacarıqlarından gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində istifadə Təşkilatın qarşısında duran əsas vəzifələrdəndir. 2020-ci ildə təşkilat respublikamızda pandemiya ilə mübarizədə veteranlara daim dəstək olub və fəaliyyətini sanitar-epidemioloji vəziyyətə uyğun təşkil edib.

C.Xəlilov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırıq və tövsiyələrini rəhbər tutaraq, cari ildə Respublika Veteranlar Təşkilatının qarşısında duran vəzifələrin əsas istiqamətlərini plenum iştirakçılarının diqqətinə çatdırıb.

Sonra məruzə ətrafında çıxışlar olub, təşkilati məsələlərə baxılıb.

Tədbirdə müzakirəyə çıxarılan məsələlər, eləcə də İkinci Dünya müharibəsinin veteranı Fatma Səttarovanın Təşkilatın sədri vəzifəsinə seçilməsinə dair Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin qərarı plenumun səsverməsində təsdiqlənib. Bundan başqa, Respublika Veteranlar Təşkilatının 2021-ci il üçün hazırlanan tədbirlər planı da səsə qoyularaq qəbul olunub. Təşkilatın nizamnaməsində dəyişiklik barədə məlumat verilib, Rəyasət Heyətinin və Nəzarət-təftiş komissiyasının yeni tərkibi təsdiqlənib. İclasda, həmçinin 44 günlük Vətən müharibəsinin bir qrup iştirakçısı Təşkilatın Rəyasət Heyətinə üzvlüyünə qəbul edilib.

Fatma Səttarova Respublika Veteranlar Təşkilatına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə səmimi təşəkkürlərini çatdırıb, təmsil etdiyi qurumun dövlətimizin başçısının çağırışlarına cavab verməsi üçün öz təcrübəsindən maksimum istifadə edəcəyini bildirib.

Sonda plenum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunub.

Müraciətdə deyilir:

“Möhtərəm Prezident, cənab Ali Baş Komandan!

Azərbaycanın ərazi bütövlüyünün bərpası, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan müqəddəs Vətən müharibəsində əldə olunan möhtəşəm Zəfər münasibətilə ölkəmizin çoxsaylı veteranları adından Sizi – bu Qələbənin memarını ürəkdən təbrik edirik.

Sizin müdrik və qətiyyətli rəhbərliyinizlə Azərbaycan bu Qələbəyə doğru çətin və şərəfli yol keçdi. Münaqişənin davam etdiyi illərdə Siz çox böyük uzaqgörənlik, səbir və təmkinlə həm xalqımızı, həm də rəşadətli ordumuzu haqqın və ədalətin bərpası uğrunda müqəddəs Vətən müharibəsinə hazırladınız, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi, ən müasir hərbi texnika ilə təchiz edilməsi üçün misilsiz səylər göstərdiniz.

Siz ən yüksək beynəlxalq tribunalardan Qarabağ həqiqətlərini dünyaya bəyan etdiniz, aparıcı dövlətlərin rəhbərlərini Qarabağın ölkəmizin əzəli torpaqları olduğuna və işğaldan azad edilməsinin labüdlüyünə inandırdınız. Qardaş Türkiyə Respublikası başda olmaqla bütün türkdilli dövlətlərin, həmçinin Pakistan, İsrail kimi nüfuzlu dövlətlərin Azərbaycanın haqq işinə dəstəyinə nail oldunuz.

Müharibənin davam etdiyi günlərdə xarici ölkələrin nüfuzlu kütləvi informasiya vasitələrinə, telekanallarına verdiyiniz tutarlı arqumentlərlə zəngin müsahibələrinizlə ölkəmizin haqq səsini dünya ictimaiyyətinə bir daha çatdırdınız, ölkə vətəndaşlarını öz ətrafınıza səfərbər edərək milli birlik formalaşdırdınız. Azərbaycanın beynəlxalq hüququn tələblərinə uyğun olaraq öz torpaqlarında savaş apardığını sübut etməklə ermənipərəst xarici dairələrin müharibənin gedişinə müdaxilələrinin qarşısını böyük məharətlə aldınız.

Hərbi əməliyyatların gedişində Sizin müntəzəm olaraq bəyan etdiyiniz Qələbə müjdələrini, işğaldan azad olunan yaşayış məntəqələri, düşmənin məhv edilən qüvvəsi və hərbi texnikası barədə məlumatları ölkəmizin hər bir vətəndaşı səbirsizliklə gözləyirdi. Bu xəbərləri böyük sevinc və qürur hissi ilə dinləyir və səfərbər olurdular.

Sizin bilavasitə rəhbərliyinizlə rəşadətli Azərbaycan Ordusu vasitəçi dövlətlərin 30 il ərzində həll edə bilmədiyi məsələni cəmi 44 gün ərzində həll etdi, torpaqlarımızı erməni işğalından azad edərək ölkəmizin ərazi bütövlüyünün, Konstitusiya quruluşunun və milli təhlükəsizliyinin bərpasına nail oldu.

Siz şəhidlərimizin və Qarabağ qazilərinin qanlarının yerdə qalmasına yol vermədiniz, üçrəngli bayrağımızı illərdir yolumuzu gözləyən şəhər və kəndlərimizdə dalğalandırdınız, anaların göz yaşlarını sevinc yaşları ilə əvəzlədiniz.

Bu müharibə Sizin müdrik və uzaqgörən siyasətçi olmaqla yanaşı, həm də mahir sərkərdəlik bacarığınızın nümayişi oldu. Müqəddəs Qələbə sevincini yaşamağı nəsib etdiyinizə görə Azərbaycan xalqı Sizinlə və Sizin yaratdığınız Silahlı Qüvvələrlə, onların peşəkar zabitləri və rəşadətli əsgərləri ilə qürur duyur. Əminik ki, yüz illər bundan sonra gələn nəsillər də Sizin qəhrəmanlıq, xilaskarlıq, azadlıq missiyanız haqqında oxuyaraq fəxr edəcəklər.

Bu gün Siz ulu öndər Heydər Əliyevin ideyalarına sadiq qalaraq azad, Müstəqil Azərbaycanımızın veteranlarına çox böyük hörmətlə yanaşır, onlara daim diqqət və qayğı göstərirsiniz. Plenumun iştirakçıları və veteranlar adından Sizə dərin minnətdarlığımızı çatdırır, Respublika Veteranlar Təşkilatının həmişə dövlətin, xalqın yanında olduğunu, möhtərəm Prezidenti dəstəklədiyini bildirir, bir daha fəxrlə bəyan edir: Eşq olsun Ali Baş Komandan İlham Əliyevə! Yaşasın Azərbaycan xalqı! Yaşasın Azərbaycan Ordusu!. Qarabağ Azərbaycandır!”.

Teqlər: