Müharibə dövründə xarici kiberhücumların əsas istiqaməti Mərkəzi Banka yönəlmişdi – CERT

Xəbər - Sədrəddin Ağcayev – Trend:

44 günlük müharibə dövründə xarici kiberhücumların əsas istiqaməti Azərbaycan Mərkəzi Bankına (AMB) yönəlmişdi, həm də bank strukturlarına kiberhücumlara cəhd edilirdi.

Trend-in məlumatına görə, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşi Mübarizə Mərkəzinin IT təhlükəsizlik şöbəsinin rəhbəri Tural Məmmədov deyib.

“Bütün bu kibertəhlükələrin qarşısı uğurla alınıb və Mərkəzi Bankın, Azərbaycan banklarının sistemlərində heç bir qüsur baş verməyib. Bundan başqa, bizə qarşı DDoS hücumlar da həyata keçirilib. Bu hücumlar bizim tərəfimizdən bloklanıb. Eyni zamanda bu növ kiberhücumların qarşısını alan sistem aktivləşdirilib. Həmçinin, erməni cinayətkarlar fişinq hücumlar həyata keçirib. Belə ki, Azərbaycan Banklar Assosiasiyası və bankların rəhbərlikləri adından məktublar göndərilib. Xidmətimiz bütün bu hüquq pozuntularının monitorinqini keçirib və müvafiq məlumatlar xüsusi bölmələrə ötürülüb. Bunlardan başqa, guya Azərbaycan banklarının və dövlət strukturlarının məlumatlarının əldə olunması barədə saxta xəbərlər yayılmışdı ki, biz bunu təkzib etmişdik”, – deyə o, bildirib.

(Tərcümə: Orxan Nəbiyev)