Muğanlı-İsmayıllı-Qəbələ yolunun ilk 14 km-lik hissəsinin tikintisi aparılır (FOTO/VİDEO)

Əhalinin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik,
paytaxtımızı İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və
Balakən rayonları ilə birləşdirən ən qısa yol hesab olunan
Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun
Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması layihəsi
çərçivəsində ilk 14 km-lik hissədə tikinti işləri davam
etdirilir.

Bu barədə AzerTimes-a Avtomobil Yolları Dövlət Agentliyindən məlumat
verilib.

Yolun məhz bu hissəsi geoloji və hidrogeoloji cəhətdən ən
mürəkkəb, sürüşmələrə məruz qalan hissəsi hesab olunur.

Yolun uzunömürlü və davamlı olması üçün sürüşməyə qarşı
tədbirlər çərçivəsində 4 ərazidə ümumi uzunluğu 2.6 km olan svay
istinad divarlarının, drenaj sistemlərinin tikintisi və digər
mühəndis işlərinin icrası aparılır. Qurğular qüvvədə olan normativ
yüklərə görə, 9 bal seysmikliyi nəzərə alınmaqla inşa edilir.

Yolun ilk 2 km-lik ərazisi Muğanlı qəsəbəsinə çatmamış mövcud
yolun lokal sürüşmə sahəsindən əvvəl başlanıb, sözügedən qəsəbədən
və qəsəbədən sonrakı enişdə aktiv sürüşmə sahəsindən yan keçməklə
inşa edilir. Nəticədə Ağsuçayınadək olan hissəsində yol 1.1 km,
Ağsuçaydan sonrakı hissədə isə yeni istiqamət üzrə yeni Ağsuçay
körpüsü və tunel hesabına 1.4 km qısalır.

Hazırda layihənin ilk 7 km-lik hissəsində torpaq işləri, yol
yatağının tikintisi aparılır. Həmçinin mühəndisi qurğular, ümumi
uzunluğu 180 m-dən çox olan dairəvi də düzbucaqlı suötürücülər inşa
edilir.

Layihənin əvvəlində mövcud yolla kəsişmədə dairənin inşası
nəzərdə tutulur. Artıq dairə olacaq hissədə dolğu işləri, ərazidə
suların yolun altından ötürülməsini təmin etmək məqsədi ilə
düzbucaqlı suötürücülərin inşası icra olunur.

Sözügedən ərazidə mövcud qruntun qazılaraq layihə səviyyəsinə
endirilməsi üçün işlər aparılıb, yamacların eroziyadan mühafizəsi
üçün bərkitmə işləri görülür. Bunun üçün yamaclara xüsusi material
sərilir, yaşıllıqların yaradılması üçün üzərinə lazımi qalınlıqda
münbit torpaq qatı verilir.

Yolun 1-3-cü km-lik hissəsində sürüşməyə qarşı, qruntun
dayanaqlığının təmin olunması məqsədi ilə svay bərkitmə və beton
rigellərin inşası işləri görülür. Həmçinin yolun 2-ci km-lik
hissəsini əhatə edən ərazidə qruntun keyfiyyətinin
yaxşılaşdırılması məqsədi ilə xüsusi sement məhlulunun yüksək
təzyiqlə 10 metr dərinlikdə qrunta vurulması işləri aparılır.

Layihələndirilən yolun 4.5-ci km-də Ağsuçayla və çay vadisi ilə
kəsişmədə 1135 metr uzunluqda və 76.5 m hündürlüyündə böyük asma
körpü inşa edilir. Körpünün dayaqlarında qazma və svay bərkitmə
işləri, svayların bütövlük və statik testləri, həmçinin dayaqların
bəzilərində bünövrələrin tikintisi işləri aparılıb. Hazırda
körpünün gövdə dayaqlarının inşası icra olunur.

Yolun Ağsuçayı üzərindəki körpüdən sonra qarşıya çıxan hündür
dağdan uzunluğu 865 metr olan tunellə keçilməsi nəzərdə tutulur.
Qeyd olunan hissədə tunelin giriş və çıxış portalında qazma işləri,
həmçinin svay bərkitmə işləri yekunlaşmaq üzrədir. Ərazidə relyef
sürüşməyə meyilli olduğu üçün tunelin giriş portalının xüsusi
troslar vasitəsi ilə qrunta bərkidilməsi işləri də icra olunur.
Tunelin giriş və çıxış hissələrində də xüsusi material sərilməklə
yamaclar bərkidilir.

Bundan başqa layihə boyu ümumi uzunluğu 4 km-dən çox olan drenaj
sisteminin qurulması və dağüstü küvetlərin inşası davam
etdirilir

Qeyd edək ki, respublikanın mühüm turizm bölgələrinə gedən və
ilk dəfə ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin
təşəbbüsü ilə salınmış bu yolun yenidən qurulması Prezident İlham
Əliyevin verdiyi tapşırığa əsasən layihələndirilib.

Layihədə Muğanlı-İsmayıllı-Qəbələ yolu yenidənqurma nəticəsində
9.7 km qısalaraq 76.8 km təşkil edəcək. Mövcud 2 zolaqlı yol
genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq.

Layihənin əsas məqsədlərinə aşağıdakılar daxildir:

– Hərəkət şiddəti və yolun yükgötürmə qabiliyyətinin
yaxşılaşdırılması;

– Yol-nəqliyyat hadisələrinin, səyahət müddətinin və nəqliyyat
xərclərinin azaldılması;

– İqtisadi artımın sürətləndirilməsi və qonşu ölkələrlə ticari
münasibətlərin inkişafına təkan verilməsi;

– Sürücülər və yerli əhali üçün yol hərəkətinin
təhlükəsizliyinin təmin edilməsi;

– Avtomobil yolunun keçdiyi ərazilərdə, regionun potensial
imkanlarının genişləndirilməsi;

– Regionda turizmin inkişafı.

Teqlər: