Muğanbankda sədr təyinatı olub

“Muğanbank” ASC-nin İdarə Heyətində yeni təyinat olub. Belə ki,
Muğanbankın Müşahidə Şurasının müvafiq qərarı ilə İdarə Heyəti
Sədrinin vəzifələrini müvəqqəti icra edən Elnur Mir Rəhim oğlu
Abbasov bankın İdarə Heyəti Sədri vəzifəsinə təyin olunub.

Elnur Abbasov 1981-ci ildə Bakı şəhərində anadan olub. Ali
təhsilini 1998-2002-ci illərdə Odlar Yurdu Universitetinin
hüquqşünas ixtisası üzrə alıb. 2002-2004-cü illərdə isə həmin ali
təhsil müəssisəsinin mülki hüquq ixtisası üzrə magistr dərəcəsinə
yiyələnib.

Bank sektorunda peşəkar fəaliyyətinə 2002-ci ildən etibarən
Muğanbankın Müştərilərə xidmət departamentinin əməliyyatçı mühasib
vəzifəsində başlayaraq, Kredit və investisiya departamentində
inspektor, İstehlak kreditləri şöbəsinin müdiri, Kredit
departamentinin direktor müavini, Pərakəndə bankinq və Beynəlxalq
maliyyə institutları ilə iş departamentinin direktoru vəzifələrində
işləmişdir. 2019-cu ildə “Kapitalbank” ASC-nin Filial şəbəkəsinin
idarəedilməsi departamentinin direktor müavini kimi fəaliyyətini
davam etdirmişdir. Kapitalbankda bir müddət işlədikdən sonra
Muğanbanka Baş direktor kimi geri dönmüşdür. 07.01.2021-ci ildə
Muğanbankın İdarə Heyəti Sədrinin müavini təyin edilmişdir.
01.11.2021-ci il tarixindən etibarən isə İdarə Heyəti Sədrinin
vəzifələrinin müvəqqəti icrası E.Abbasova həvalə olunmuşdur.

Elnur Abbasov ailəlidir, 2 övladı var.

Teqlər: