Müdafiə Nazirliyinin dəstəyi ilə təşkil edilən ekskursiya məktəblilərin böyük marağına səbəb olub (FOTO)

Bakı şəhəri Yasamal rayonu Aslan Ağaverdiyev adına 31 nömrəli
tam orta məktəbin şagirdləri Cəmşid Naxçıvanski adına hərbi liseyi
və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini ziyarət
ediblər.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, əvvəlcə ümummilli lider
Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi və ərazi
bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.

Şagirdlərə xüsusi təyinatlı təhsil müəssisələrinin yaranma
tarixi və fəaliyyəti barədə məlumat verilib, onları maraqlandıran
suallar cavablandırılıb.

Qonaqlar hərbi liseyin və ali hərbi məktəbin ərazisi, əsgər
yataqxanası və yeməkxana, tibb məntəqəsi, idman şəhərciyi və
hamam-camaşırxana kompleksi ilə tanış olublar. Şagirdlərə hərbi
kafedralarda döyüş texnikası, atıcı silahlar və onlardan istifadə
qaydaları haqqında ətraflı məlumat verilib.

Hərbi təhsil ocaqlarında ulu öndər Heydər Əliyevin həyat və
fəaliyyətini əks etdirən eksponatlar ziyarətçilərin böyük marağına
səbəb olub.

Sonra məktəblilərin Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiyası
təşkil edilib.

Şagirdlər açıq səma altında müxtəlif qoşun növlərinə aid
texnikalardan ibarət ekspozisiya ilə tanış olub, xatirə şəkli
çəkdiriblər.

Silsilə tədbirlərin yekunu olaraq A.Ağaverdiyev adına 31 nömrəli
tam orta məktəbdə “Vətən mənə oğul desə…” adlı ədəbi-bədii
kompozisiya təqdim edilib.

Tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, Vətən müharibəsinin
iştirakçıları, məktəbin müəllim və şagirdləri, eləcə də
ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Çıxış edənlər bu cür tədbirlərin gənclərin hərbi vətənpərvərlik
ruhunda tərbiyə edilməsində, orduya hazırlanmasında, hərbi
biliklərə yiyələnməsində və onlarda hərbi peşələrə marağın
oyadılmasında müstəsna əhəmiyyətindən danışıblar.

Məktəbin müəllim və şagirdləri tədbirin təşkilində göstərilən
dəstəyə görə Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürünü
bildiriblər.

Sonda şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər və
mahnılar səsləndirilib.

Teqlər: