Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib

Martın 7-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun
rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə
keçirilib.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, müşavirəyə nazir müavinləri, qoşun növləri
komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri cəlb
olunub. Azad edilən ərazilərdə dislokasiya olunan hərbi birlik,
birləşmə komandirləri, həmçinin digər məsul zabitlər müşavirəyə
videobağlantı vasitəsilə qoşulublar.

Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu
qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb.
Dövlət rəhbərliyinin diqqət və qayğısı nəticəsində hərbi
qulluqçuların sosial-məişət şəraiti və mənəvi-psixoloji
vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində aparılan işlər
xüsusi vurğulanıb.

Azərbaycan-Ermənistan dövlət sərhədində və Rusiya sülhməramlı
kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində
vəziyyəti təhlil edən müdafiə naziri bölmələrimizə qarşı mümkün
təxribatlara dərhal adekvat cavabın verilməsi, bunun üçün döyüş
hazırlığının daim yüksək səviyyədə saxlanılması, eləcə də
bölmələrin və idarəetmə məntəqələrinin praktiki məşq etdirilməsi
ilə bağlı tapşırıqlar verib.

Qoşunlarda keçirilən təlimləri və hazırlıq kurslarını müsbət
qiymətləndirən nazir bölmələrin döyüş qabiliyyətinin daha da
yüksəldilməsi, komandir heyətinin bilik və bacarıqlarının
təkmilləşdirilməsi, eləcə də silahlanmaya yeni qəbul edilən silah
və texnikanın imkanlarının öyrənilməsi və Vətən müharibəsində
qazanılan təcrübə ilə yanaşı, müasir döyüş aparma üsulları nəzərə
alınmaqla təlimlərin real döyüş şəraitinə uyğun, gecə və gündüz
vaxtı aparılması ilə əlaqədar müvafiq göstərişlər verib.

General-polkovnik Z.Həsənov Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham
Əliyevin göstərişinə uyğun olaraq Türkiyə Respublikası Silahlı
Qüvvələri modelinin Azərbaycan Ordusunda, o cümlədən hərbi təhsil
sahəsində tətbiqinin sürətləndirilməsini tapşırıb.

Bölmələrin maddi-texniki və tibbi təminatının gücləndirilməsi,
şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət
yetirilməsi, hərbi qulluqçuların isti geyim və yeməklərlə vaxtında
təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb.

Azad edilən ərazilərdə dislokasiya olunan hərbi hissələrdə qoşun
xidmətinin təşkili, ərazilərin mina və partlamamış döyüş
sursatlarından təmizlənməsi, hərbi infrastrukturun
təkmilləşdirilməsi, eləcə də dağlıq ərazilərdəki yollarının daim
işlək vəziyyətdə saxlanılmasının və təhlükəsizlik qaydalarına
xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb.

Müdafiə naziri, həmçinin tərbiyəvi işin planlı şəkildə
aparılması, qoşunların döyüş tapşırıqlarını yerinə yetirməyə daim
hazır olmaları üçün ideoloji iş və mənəvi-psixoloji təminatın daha
da gücləndirilməsi ilə bağlı konkret tapşırıqlar verib.

Teqlər: