Müdafiə Nazirliyi məlumat yayıb

Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən Ukraynaya
göndərilən humanitar yardım kontekstində verilmiş açıqlamada
“Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi qəbuledilməzdir.

Azərbaycan Respublikasının ərazisində “Dağlıq Qarabağ” adlı
inzibati-ərazi vahidi yoxdur. Rusiya Federasiyası tərəfindən
dəfələrlə ali və yüksək səviyyələrdə verilmiş açıqlamalarda
Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin
toxunulmazlığına dəstək təsdiq edilmişdir. Eyni zamanda iki ölkə
arasında imzalanmış müvafiq sənədlərdə də bu mövqe bir daha təsbit
olunmuşdur.
Rusiya Federasiyasının rəsmi mövqeyinə zidd olaraq, bundan əvvəl də
Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi açıqlamalarında
Azərbaycanın suveren ərazilərinə bu adla müraciət edilməsi halları
müşahidə olunmuşdur.
Bu kimi açıqlamalar Azərbaycan-Rusiya əlaqələrinə xələl gətirə və
Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti olaraq yerləşdirildiyi
Azərbaycan əraziləri boyunca vəziyyətin gərginləşməsinə səbəb ola
bilər.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Rusiya Federasiyasının
Müdafiə Nazirliyini ölkəmizin suveren ərazilərinə Azərbaycan
Respublikasında mövcud olmayan inzibati-ərazi vahidləri adı altında
müraciət edilməsi təcrübəsinin dayandırılmasına çağırır.

Teqlər: