MOSSAD və ÇAXAL hansı səhvləri edib? – Detallar

MOSSAD və ÇAXAL hansı səhvləri edib? – Detallar

HƏMAS-ın İsrail ərazisini işğal etməsi İsrail kəşfiyyat xidmətləri və hərbçilərinin törətdiyi bir çox təhlükəsizlik pozuntuları sayəsində mümkün olub.

AzerTimes xəbər verir ki, bu barədə “Nyu York Tayms” İsrailin adı açıqlanmayan dörd yüksək vəzifəli təhlükəsizlik məmuruna istinadən məlumat yayıb.

“Bunlardan bir neçəsinin ardıcılıqla sadalayaq: kəşfiyyat rəsmilərinin HƏMAS-ın istifadə etdiyi əsas rabitə kanallarını izləməməsi; HƏMAS tərəfindən asanlıqla söndürülüb sıradan çıxarılan sərhəd nəzarəti avadanlıqlarından asılılıq; komandirlərin işğalın ilkin mərhələsində ələ keçirilən bir sərhəd bazasında cəmləşməsinin silahlı qüvvələrin qalan hissəsi ilə əlaqə saxlamağı qeyri-mümkün etməsi; HƏMAS hərbi liderlərinin hücuma hazırlaşmadıqlarına dair özəl kanallar vasitəsilə verdiyi bəyanatları nominal qəbul etmək istəyi (İsrail kəşfiyyatı indi bu çağırışların real olub-olmadığını yoxlayır)”, – məlumatda deyilir.

Mənbənin bildirdiyinə görə, oktyabrın 7-də səhər saatlarında HƏMAS-ın işğalı başlamazdan bir müddət əvvəl İsrail kəşfiyyatı fələstinli yaraqlıların bəzi kanallarında fəaliyyət artımını qeydə alıb:

“İsrail kəşfiyyat xidmətləri Qəzza zolağı ilə sərhəddə olan hərbçilərə həyəcan siqnalı göndərib. Lakin onlar cavab verməyiblər: ya xəbərdarlığı almayıblar, ya da oxumayıblar. Daha sonra HƏMAS sərhəd boyu İsrail ordusunun bəzi mobil telefon stansiyalarını və müşahidə qüllələrini sıradan çıxarmaq üçün PUA göndərib. Bu isə növbətçilərin videokameralardan istifadə etməklə əraziyə məsafədən nəzarət etməsini mümkünsüz edib. HƏMAS İsrailin sərhəd istehkamlarına quraşdırdığı və uzaqdan idarə olunan yerüstü hücumla mübarizə vasitələri – pulemyotları da PUA ilə məhv edib. Bu, hücum edənlərə “heyrətləndirici rahatlıqla” içəri keçməyə, sərhəd hasarının hissələrini partlatmağa, minlərlə yaraqlının İsrail ərazisinə daxil olmasına imkan verib”.

Qeyd olunur ki, İsrail kəşfiyyatı ötən həftə yüksək səviyyəli təhlükəsizlik rəsmilərini ən aktual təhdidlər barədə məlumatlandırarkən, Livan yaraqlılarının İsrailin şimal sərhədi boyunca yaratdığı təhlükəyə diqqət yetiriblər. Ancaq HƏMAS-ın adı demək olar ki, çəkilməyib.

Teqlər: